...

Xarici təzyiqlərə baxmayaraq, Livanın taleyi daxildə həll olunur- ekspertlər

Siyasət Materials 28 Yanvar 2011 09:00 (UTC +04:00)
Ekspertlər düşünürlər ki, Livanın xarici qüvvələrin maraq dairəsində olmasına və həmin xarici qüvvələrin daxildəki zidiyyətli qüvvələri dəstəkləməsinə baxmayaraq, ölkənin siyasətinin və hakimiyyətinin taleyi xarici tapşırıqlarla deyil, məhz daxildəki qüvvələrin anlaşmaları nəticəsində həll olunacaq.
Xarici təzyiqlərə baxmayaraq, Livanın taleyi daxildə həll olunur- ekspertlər

Azərbaycan, Bakı, 26 yanvar /Trend, D.Xatınoğlu/

Ekspertlər düşünürlər ki, Livanın xarici qüvvələrin maraq dairəsində olmasına və həmin  xarici qüvvələrin daxildəki zidiyyətli qüvvələri dəstəkləməsinə baxmayaraq, ölkənin siyasətinin və hakimiyyətinin taleyi xarici tapşırıqlarla deyil, məhz daxildəki qüvvələrin anlaşmaları nəticəsində həll olunacaq.

Livanın Nazirlər Kabineti Baş nazir Səəd əl-həririnin yanvarın 12-də ABŞ-a səfəri zamanı 11 nazirinin istefasına görə dağılıb. Bundan əvvəl Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Livandaki iki əsas koalisiya olan "8 Mart" ("Hizbullah" və müttəfiqləri) və "14 Mart" (Qərbyönlü qüvvələr) arasında vasitəçilik etsələr də, hər üç ölkə vasitəçiliyin uğursuzluqla nəticələndiyini açıqlayaraq, rəsmən missiyalarını dayandırdıqlarını elan ediblər.

Parlament nümayəndələri yanvarın 25-də "Hizbullah"ın dəstəklədiyi namizəd Nəcib Miqatinin Baş nazir vəzifəsini əldə etməsinə səs veriblər. "14 Mart" koalisiyasından olan bəzi deputatlar, o cümlədən Sosial İnkişaf Partiyasının rəhbəri və Parlamentdəki bəzi nümayəndələri hakim koalisiyadan ayrılaraq, "8 Mart" koalisiyasına daxil olublar. Hazırda İran və Suriyaya yaxın mövqedə olan "8 Mart" koalisiyası Parlament çoxluğunu təşkil edir.

Miqati bundan əvvəl, heç bir koalisiyanın nümayəndəsi olmadığını və onun üçün yalnız milli birliyin əhəmiyyətli olduğunu bildirmişdi.

Livan Universitetinin siyasi elmlər üzrə professoru Talal Atrissi telefonla Beyrutdan Trend-ə bildirib ki, İran uzağı Livanda vasitəçi roluna malik idi. Lakin Səudiyyə Ərəbistanı və digər ölkələrin Livandakı daxili böhranın həllində uğursuz vasitəçiliyi İranın bu ölkədəki nüfuzunu daha da artırıb.

"Buna baxmayaraq, son məqamda Livandakı daxili qüvvələr Baş nazir vəzifəsinin sahibinin kimliyini və ümumiyyətlə, hakimiyyətin taleyini həll edəcəklər", - Atrissi hesab edir.

İsrailin "Haaretz" qəzeti də yanvarın 26-da yaydığı təhlildə Miqatinin İran və "Hizbullah"ın müttəfiqi deyil, Suriya, Fransa və Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətdə olduğunu bildirib.

Bundan əvvəl, Miqati 2005-ci ildə Səəd əl-Həririnin atası Rəfiq Həririyə qarşı törədilən terrordan sonra müvəqqəti olaraq, bir neçə aylıq Baş nazir vəzifəsinə təyin olunmuşdu.

"14 Mart" koalisiyası "Hizbullah" və Suriyanın Rəfiq Həririyə qarşı törədilən terrorda əli olduğuna inanır.

İranda yayılan ərəbdilli "Əlvifaq" qəzetinin baş direktoru və Livan məsələsi üzrə ekspert Mosayyeb Nəimi Trend-ə bildirib ki, Livandakı iki əsas koaliasiyanı xaricdə dəstəkləyən ölkələr var, buna baxmayaraq, yaranmış böhran qanun çərçivəsində və daxili qüvvələr arasında anlaşma nəticəsində öz həllini tapa bilər.

"Bundan əvvəl Livan Taif Konvensiyası və Qətərin vasitəçiliyi ilə iki daxili böhrana son qoyub. İnanıram ki bu böhran da uzun sürməyəcək", - Nəimi telefonla Tehrandan bildirib.

Livan Parlamentində xristianların və müsəlmanların  bərabər nümayəndələri olması ilə bağlı razılıq 20 il bundan əvvəl əldə olunub. Taif konvensiyası adlanan bu razılıq 1990-cı ildə 1975-ci ildən yaranmış daxili qanlı qarşıdurmalara son qoyub.

14 ay bundan əvvəl də Qətərin vasitəçiliyi ilə, Səəd əl-Həriri müxalifətdə olan "8 Mart" koalisiyası ilə hakimiyyəti yaratmaq üçün razılıq əldə etmişdi. "Hizbullah" və müttəfiqləri Həririnin Baş nazir olmasını bu şərtlə qəbul etmişdilər ki, nazirlər kabinetinin 11 nümayəndəsi müxalifətdən seçilməlidir.

Hər iki eksperin fikrincə, Səəd əl-Həririnin hökuməti ölkədə birlik yaratmaq iqtidarında olmayıb və Miqatinin ölkədə sabitlik yaratmaq şansı daha çoxdur.

Həriri bir neçə sünni məzhəbli şəhərlərdə etiraz aksiyası keçirən tərəfdarlarını sakitləşməyə dəvət edib. Nəimi düşünür ki, nəzərə alsaq ki, Həriri NK-nın dağıldığını etiraf edib və hazırda Parlamentdə "8 Mart" əksəriyyət təşkil edir, Həririnin yenidən Baş nazir vəzifəsinə iddia etməsi nəticəsiz olar.

Livan qanunvericiliyinə görə, prezident Maruni xristianlarından, spiker şiələrdən, baş nazir isə sünnilərdən seçilməlidir. Livan parlament respublikasıdır.

Nəimi bildirib ki, Sosial İnkişaf Partisyasının Parlamentdə 12 nümayəndəsi var, bunların 7-si, o cümlədən partiya rəhbəri Vəlid Cunbalat "8 Mart" koalisiyasına daxil olub, lakin qalan 5 deputat "14 Mart" koalisiyasında qalıb. Onun sözlərinə görə, bu, Livanda demokratiyanın əsas göstəricisidir. Belə bir faktı nəzərə alsaq, xarici qüvvələrin Livanın taleyini həll etmə cəhdlərinin nə qədər absurd olması məlumdur.

Məqalənin hazırlanmasında ِA.Tağıyeva iştirak edib.

Xəbər lenti

Xəbər lenti