...

"Müsəlman qardaşlar" və Türkiyənin islam modeli

Siyasət Materials 24 Fevral 2011 15:40 (UTC +04:00)
"Müsəlman qardaşlar" və Türkiyənin islam modeli

Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri Rufiz Hafizoğlu.

Prezident Hüsni Mübarəkin istefası ilə gündəmə gələn ən önəmli mövzulardan biri də Misirin islamçıların əlinə keçməsi ilə ölkədə şəriət respublikasının qurulacağı ehtimalı idi.

50 ildən çox Misir ərazisində fəaliyyətinə qadağa qoyulan "Müsəlman qardaşlar" təşkilatı Qahirədə polislə xalq arasında baş verən toqquşmaların fonunda hakimiyyətə əslində iddialı olmadıqlarını söyləsələr də, Hüsni Mübarəkin istefasından bir həftə sonra təşkilat öz internet portalında verdiyi məlumata görə, yeni siyasi partiya adı altında qeydiyyatdan keçmək istəyində olduğunu bildirdi.

"Müsəlman qardaşlar" təşkilatının rəhbəri Məhəmməd Bədii bazar ertəsi verdiyi açıqlamada yeni qurulacaq siyasi partiyanın "Azadlıq və Ədalət" partiyası olacağını açıqlayaraq, əsas hədəfin xalqın tələblərinə cavab vermək olduğunu bildirdi.

Təşkilat rəhbəri partiyada milli və dini kimliyindən asılı olmayaraq, nizamnamə ilə razılaşan bütün misirlilərin yer ala biləcəyini qeyd etdi.

Yarandığı gündən - 1930-cu ildən bu günə qədər keçdiyi tarixçəyə nəzər salsaq ,"Müsəlman qardaşlar "ın Misirdə hər nə qədər təşkilatlanmış və nizamlı olmasına baxmayaraq, partiya idarəetmə sisteminə sahib olmadığını görmək olar.

Təbii ki, bunun da bir çox səbəbləri var və bu səbəblərdən biri də Misirdə təşkilatın partiya halında fəaliyyət göstərməsi üçün münbit şəraitin olmaması idi.

Şübhəsiz ki, Hüsni Mübarəkin istefası istisnasız olaraq həm Misirin siyasi həyatında, həm də qonşu ərəb ölkələrində əsaslı dəyişiklərə səbəb olacaq.

Hüsni Mübarəkin istefası ilə ölkədə digər siyasi partiyalardan və təşkilatlardan daha çox, islamçıların daxilində əsaslı dəyişikliklər olacaq.

"Müsəlman qardaşlar"ın yeni partiyasının partiya halında fəaliyyətə başlaması dəyişiklik istiqamətində atılan addımlardan birincisidir.

Təbii ki, partiyanın ölkənin daxili və xarici siyasətinə nə qədər təsir edəcəyini və ya "Azadlıq və Ədalət" partiyasının ölkədə islam respublikasının qurulması üçün cəhd edəcəyini indidən söyləmək bir o qədər də doğru deyil.

Hadisələrə diqqətlə nəzər yetirdikdə, ümumiyyətlə, Misirdə islamçıların hakimiyyətə gəlməsi və onların ölkəni şəriət qaydaları ilə idarə edəcəklərinin çox zəif ehtimal olduğunu da görmək olar.

İslamçıların hakimiyyətə gəlməsi ehtimalı olsa belə, ölkəni şəriət qaydaları ilə idarə etməyin heç bir mənası olmayacaq.

Çünki Misir konstitusiyasının ikinci bəndinə əsasən, ölkənin rəsmi dini islam, qanunvericiliyin əsası isə islam şəriətidir.

İslam şəriəti ölkədə tətbiq olunmasa belə, Hüsni Mübarəkin istefasından sonra misirlilərinşəriətdən çox, sosial rifahın yüksəlməsinə ehtiyacı var və ölkənin şəriət qaydaları ilə idarə edilməyəcəyini əhali ilə yanaşı, ölkədəki islamçılar da yaxşı başa düşür.

Lakin Misirin ən böyük və güclü müxalifəti reallığı nəzər alaraq, ölkə gündəmində qalmaq üçün islam amilindən istifadə edəcək.

"Müsəlman qardaşlar"ın yenilik və islahat tələb edən misirlilərin gündəmində qalması üçün isə ən optimal variant Misirdə Türkiyə islam modelinə yaxın modelin tətbiq edilməsidir.

Təbii ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) timsalındakı islam modelinin Misirdə bütünlüklə tətbiq edilməsi qeyri-mümkündür. Məhz bu səbəbdən də "Müsəlman qardaşlar" yeni təsis etdikləri siyasi partiyanı Yaxın Şərqin simasını dəyişdirən türk islam modelinə oxşar edəcəklər.

Ərəb dünyasının ən güclü ölkələrindən biri olan Misirdə Türkiyə islam modelinə yaxın modelin tətbiq edilməsi Ankaranın da maraqlarına uyğundur. Türkiyə İslam modelinin "Müsəlman qardaşlar"ın simasında Misirdə tətbiqi isə Ankaranın regiona olan təsirini daha da artıracaq.

Xəbər lenti

Xəbər lenti