...

Azərbaycan DİN və Baş Prokurorluq Bakıda keçirilməsinə cəhd edilən mitinqlə bağlı rəsmi məlumat yayıb

Siyasət Materials 2 Aprel 2011 19:52 (UTC +04:00)
Özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar 2011-ci il aprelin 2-də N.Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər.
Azərbaycan DİN və Baş Prokurorluq Bakıda keçirilməsinə cəhd edilən  mitinqlə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 2 aprel/Trend/

Özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar 2011-ci il aprelin 2-də N.Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Bu barədə şənbə günü Azərbaycan DİN və Baş Prokurorluqun yaydığı birgə məlumatda deyilir.

Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinə əsasən ictimai mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın paytaxtın mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsindəki stadion təklif olunmuşdur. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş, habelə müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə "Azərbaycan Xalq Cəbhəsi" və "Müsavat" partiyalarının rəhbərləri - Əli Kərimli və İsa Qəmbər Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar olunmuşlar.

Buna baxmayaraq, aksiyanın təşkilatçıları aprelin 2-də saat 14.00-dan başlayaraq ümumi sayı təxminən 350 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın "Fəvvarələr" meydanına daxil olmağa cəhd göstərmişlər. İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, radikal müxalifətin nümayəndələri bu tələbi yerinə yetirməyərək ictimai təhlükəsizlik əleyhinə olan əməllər törətmişlər. Bu hüquqazidd hərəkətlər zamanı "Fəvvarələr" meydanında və ona yaxın ərazilərdə yerləşən bir sıra müəssisə, idarə və təşkilatların, ticarət və iaşə obyektlərinin, şəhər nəqliyyatının normal fəaliyyəti, əhalinin dincliyi, hüquq və azadlıqları, bütövlükdə ictimai qayda kobud surətdə pozulmuşdur.

Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən belə aqressiv və qərəzli hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə, o cümlədən polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulmuş, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat qurğusu sındırılmışdır.

Xidməti vəzifələrini yerinə yetirən polisin qanunsuzluqlara son qoyulması barədə təkrarən səsləndirdiyi xəbərdarlıqlara və tələblərə məhəl qoyulmayaraq onlara qarşı zor tətbiq edilməklə müqavimət göstərilmiş, nəticədə 13 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilmişdir.
Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınmış, bu cinayətin təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla şübhəli şəxs qismində 5 nəfər saxlanılmışdır. Həmçinin, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində ərazi poils orqanları və məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq edilmişdir.

Fakt üzrə Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılmışdır. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Xəbər lenti

Xəbər lenti