...

AXCP və Müsavat partiyaları müxalifətin vahid güc mərkəzinin yaradılmasına mane olur - Sərdar Cəlaloğlu

Siyasət Materials 14 Aprel 2011 15:57 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi (AXC) və Müsavat partiyaları müxalifətin vahid güc mərkəzinin yaradılmasına mane olurlar.
AXCP və Müsavat partiyaları müxalifətin vahid güc mərkəzinin yaradılmasına mane olur - Sərdar Cəlaloğlu

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi (AXC) və Müsavat partiyaları müxalifətin vahid güc mərkəzinin yaradılmasına mane olurlar. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İctimai Palatanın aprelin 17-nə planlaşdırılan mirinqinə şərh verərkən deyib.

"Sərbəst toplaşmaq konstitusion hüquqdur. Hər bir partiya və şəxs bu hüquqdan istifadə edə bilər. Digər tərəfdən mitinq siyasi mübarizə üsullarından biridir, ancaq siyasi üsulla, siyasi məqsəd arasında bir uyğunluq olmalıdır. Bu gün bu cür mitinqlərlə ölkədə ciddi siyasi dəyişikliklər nəzərdə tutulursa, bu, alınan şey deyil. Biz İctimai Palatanın hansı məqsədlə bu aksiyaları keçirməsi haqqında aydın təsəvvürə malik deyilik. Özümüz də bu cür mitinqlərlə siyasi dəyişikliklərə nail olmağın mümkün olmadığını başa düşürük", - Cəlaloğlu əlavə edib.

ADP sədri hesab edir ki, yalnız müxalifət vahid güc mərkəzində birləşərsə, narazı elektoratla müxalifət vəhdət təşkil edərsə, Azərbaycanda siyasi inkişafa nail olmaq olar.

"Çox təəssüf ki, İctimai Palatada təmsil olunan siyasi partiyalar hələlik bu reallığı qəbul etmirlər və ayrılıqda, yəni məhdud bir çərçivədə bu siyasi mübarizəni təşkil etmək istəyirlər. Ona görə də bizim bunun effektivliyinə şübhəmiz var. ADP olaraq bu mitinqlərin təşkildə məsuliyyət daşımırıq", - o vurğulayıb.

Cəlaloğlu qeyd edib ki, AXCP və Müsavat partiyaları düşünürlər ki, Azərbaycanda yeganə siyasi qüvvə onların özləridir və başqa siyasi partiyaları real güc olaraq qəbul etmək istəmirlər.

"Onlar elə düşünürlər ki, Azərbaycanda yalnız iki partiya var - AXCP və Müsavat. Azərbaycanda AXCP və Müsavatdan başqa kifayət qədər çox konstruktiv, ağıllı və yaxşı təşkil olunmuş siyasi partiyalar var. Biz öz gücümüzü zaman-zaman seçkilərdə də, meydanlarda da nümayiş etdirmişik", - Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, ADP bu gün də həmin gücü nümayiş etdirmək iqtidarındadır.

"Sadəcə olaraq dünyada və Azərbaycanda baş verən hadisələr fərqli siyasi xətt yürütməyi vacib edir. Yəni indiki halda müxalifətin vahid güc mərkəzində birləşməsi, narazı elektoratla müxalifətin vəhdət təşkil etməsi və beynəlxalq dəstək alması vacibdir. Çox təəssüf ki, AXCP və Müsavat öz bəyanatları ilə buna imkan vermir", - o deyib.

Cəlaloğlu ALP lideri Lalə Şövkətin müxalifətin birliyi ilə bağlı irəli sürdüyü təklifə də münasibət bildirib.

"Lalə xanımın təklifi kifayət qədər konstruktiv təklifdir. O təklif edirdi ki, əvvəlcə 15 partiyanın liderlərindən ibarət bir mərkəz yaradaq və orada fikir mübadiləsi aparaq, lazım gəldikdə müəyyən ittifaq yaradaq və əməkdaşlıq edək. Müsavatla AXCP isə bundan imtina etdilər. Onda Lalə xanım dedi ki, onların iştirakı olamadan yaradaq. Biz də "Qarabağ bloku" olaraq bu məsələyə isti yanaşmadıq. Çünki onda belə çıxardı ki, biz İctimai Palataya alternativ yaratmağa çalışırıq və sonradan bizim Müsavat və AXCP ilə bir araya gəlməyimiz çox ciddi problem olardı. Düzdür, Lalə xanım hesab edir ki, bu, siyasi qüvvələrin bir araya gəlməsinə daha çox xidmət edə bilər, amma mən bilirəm ki, ayrı-ayrı mərkəzlər yaradılarsa, rəqabət başlayacaq və bu rəqabət istər-istəməz münasibətləri korlayacaq. Ona görə də mən düşünürəm ki, müxalifətin vahid mərkəzdə birləşməsi üçün yeni cəhdlər olmalıdır. Çox güman ki, AXCP və Müsavat mitinq taktikasının çox uğurlu olmadığını görəndən sonra bu nəticəyə gələcəklər", - Cəlaloğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti