...

Macarıstan Azərbaycan ilə parlamentlərarası əlaqələri genişləndirmək niyyətindədir - Laslo Kover

Siyasət Materials 6 May 2011 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir S.Ağayeva/

Macarıstan Azərbaycan ilə parlamentlərarası əlaqələri genişləndirmək niyyətindədir.

İki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanlar var, Macarıstanın ali qanunvericilik orqanı isə bu əlaqələrin strateji xarakter almasına öz töhfəsini verməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Macarıstan parlamentinin sədri Laslo Kover Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə görüşündə deyib.

Macarıstan parlamentinin spikeri yaxın zamanlarda Azərbaycana səfər etməyə hazır olduğunu bildirərək Milli Məclis sədrinin Macarıstana dəvətli olduğunu xatırladıb.

Görüşdə tərəflər siyasi, iqtisadi və humanitar əməkdaşlığın bir sıra aspektləri üzrə fikir mübadiləsi aparıblar. Xüsusi diqqət parlamentlərarası əlaqələrin inkişafına yönəlib.

Səfir Quliyev Macarıstan parlamentinin sədrinə regiondakı vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü və bunun nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri haqqında məlumat verib, Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını, etnik təmizləmə nəticəsində bu ərazilərdən çıxarılmış bir milyona yaxın azərbaycanlının məcburi köçkün həyatı yaşadığını bildirib.

Səfir Ermənistan Silahlı Qüvvələrinin həyata keçirdiyi işğal aktı və Azərbaycan xalqına qarşı törədilmiş soyqırım cinayəti ilə bağlı Macarıstan parlamentinin bir qrup deputatı tərəfindən irəli sürülən və hazırda parlamentdaxili müzakirə prosedurlarından keçən qətnamə layihəsini son nəticədən asılı olmayaraq Macarıstan cəmiyyətinin və parlament dairələrinin münaqişə ilə bağlı həqiqət axtarışları və düzgün yanaşma örnəyi kimi yüksək dəyərləndirdiklərini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Görüşdə Macarıstan və Azərbaycanın parlament rəhbərliyinin, komitə və dostluq qrupu rəhbərlərinin qarşılıqlı səfərlərinin təşkili, hər iki tərəfdən dostluq qruplarının fəaliyyətinin daha da intensivləşdirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti