...

Azərbaycan Prezidenti Ağcabədidə yeni süd emalı zavodunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 6 May 2011 20:24 (UTC +04:00)
Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi şəhərində yeni süd emalı zavodunun açılışında iştirak edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycan Prezidenti Ağcabədidə yeni süd emalı zavodunun açılışında iştirak edib (FOTO)

Mayın 6-da Prezident İlham Əliyev Ağcabədi şəhərində yeni süd emalı zavodunun açılışında iştirak edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, son illərdə ölkəmizdə davamlı sosial-iqtisadi yüksəliş nəticəsində kənd təsərrüfatının inkişafı ölkənin bütün rayonlarını əhatə etməkdədir. Xüsusilə də heyvandarlığın inkişaf etdirilməsi onunla bağlı bir sıra sahələrin də artımına təkan vermişdir. Bu baxımdan süd və süd məhsullarının istehsalının artımı ilə bağlı olaraq heyvandarlığın inkişaf etdiyi rayonlarda yeni müəssisələr açılır. Bu, həm də dövlətimizin sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir.

Bildirildi ki, Ağcabədi süd emalı zavodunun açılması bu rayonda sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, ağartı məhsullarının yüksək keyfiyyətdə istehsalında növbəti uğurlu addımdır. Ümumi ərazisi iki hektar olan bu zavodun qapalı hissəsinin sahəsi 5 min kvadratmetrdir. Zavod beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz edilmişdir. Müəssisənin həyətində yaşıllaşdırma işləri aparılmış, dekorativ gül və ağac kolları əkilmişdir. Zavodun fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə ərazidə transformator qoyulmuşdur. Zavodda 12 adda müxtəlif ağartı məhsullarının istehsalı nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev zavodu işə saldı.

Qeyd edildi ki, sutkalıq emal gücü 20-50 ton olan zavoda süd Ağcabədinin müxtəlif kəndlərindən gətirilir. Bu məqsədlə ətraf kəndlərdə 5 südtoplama məntəqəsi təşkil edilmişdir. Məntəqələr soyuducu qurğularla təchiz edilmişdir. Zavodun satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri vardır. Zavodun istehsal sahəsində 50, südtoplama məntəqələrində 20, satış şəbəkəsində isə 30 nəfər işlə təmin edilmişdir.

Dövlətimizin başçısı zavodun istehsal bölməsində iş prosesini izlədi, zavodun məhsullarının nümayiş etdirildiyi stendlə tanış oldu.

Bildirildi ki, müəssisənin istehsal bölməsində geniş çeşiddə pendir, qatıq, dovğa, ayran, kəsmik, xama, kərə yağı və s. istehsal edilir. Holland pendirinin istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu məhsulların hər biri zavodda yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir. Sexlərdə quraşdırılan havalandırma sistemi istehsal sahələrində normal temperaturun təmin edilməsinə imkan yaradır. Zavodda süd və süd məhsullarının tərkibinin müəyyənləşdirilməsi və keyfiyyətinin ölçülməsi məqsədilə müasir standartlara cavab verən iki laboratoriya fəaliyyət göstərir. Hazır məhsullar laborator yoxlamadan keçdikdən sonra xüsusi anbarlara və soyuducu depoya yığılır. Yaxın gələcəkdə zavodda istehsal edilən məhsulların çeşidinin daha da artırılması nəzərdə tutulur.

Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti