...

İran parlamentinin spikeri ölkədə bir neçə nazirliyin birləşdirilməsini "qanunsuz" adlandırıb

Siyasət Materials 10 May 2011 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

İranın Nazirlər Kabinetinin qərarı ilə ölkədə nazirliklərin sayı 21-dən 17-ə qədər azaldılıb. Nazirlər Kabinetinin bu qərarı parlament və hökumət arasında ixtilafa səbəb olub. Belə ki, İran parlamentinin spikeri Əli Laricani çərşənbə axşamı keçirilən iclasda nazirliklərin sayının azaldılması istiqamətində onların birləşdirilməsini "qanunsuz" adlandırıb və nazirlərə öz işlərini davam etdirməyi məsləhər görüb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Nazirlər Kabinetinin qərarı ilə İranın Məskən və Şəhərsalma Nazirliyi ilə Yol və Nəqliyyat Nazirliyi, Sənaye Nazirliyi ilə Ticarət Nazirliyi, Neft Nazirliyi ilə Enerji Nazirliyi və Sosial Müdafiə Nazirliyi ilə İş Nazirliyi birləşdirilib və 4 yeni nazirlik yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə yeni nazirliklərin səlahiyyətləri və strukturu yaxın günlərdə müəyyənləşdiriləcək.

Nazirliklərin sayının azaldılması İranın beşinci beşillik İnkişaf Proqramı çərçivəsində həyata keçirilir. Bu proqramın icrasına bu ildən başlanılıb. İnkişaf Proqramına əsasən, ölkədə nazirliklərin sayı 17-dək azaldılmalıdır.

Bu qərarın Nazirlər Kabineti tərəfindən qəbul olunması İran parlamentinin etirazına səbəb olub. Parlamentin spikeri Əli Laricani bildirib ki, Konstitusiyaya əsasən, nazirliklərin sayının azaldılması məqsədilə onların birləşmədirilməsini parlament təsdiq etməli, yeni yaradılmış nazirliklərə nazirlərin seçilməsinə isə parlamentdə səs verilməlidir.

Laricani Əhmədinejadın hökumətini tənqid edib və bildirib ki, nə üçün parlamentin təsdiqi olmadan Nazirlər Kabineti nazirliklərin birləşdirilməsi haqqında qərar qəbul edib və onun icrası üçün göstəriş verib. "Parlamentin təsdiqi olmadan nazirliklərin birləşdirilməsi qanuna ziddir", - Laricani deyib.

İran Prezidentinin parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini bildirib ki, nazirliklərin strukturunda baş vermiş dəyişikliklərə görə parlamentdə yenidən səsverməyə ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti