Azərbaycan, Bakı, 11 may /Trend/
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi ilə əlaqədar ölkənin mühüm sənaye mərkəzi sayılan Dyör şəhərində "Azərbaycan günü" keçirib. Bu barədə Trend-ə səfirlikdən bildirilib.
Bu münasibətlə şəhərin mərkəzi kitabxanasında "Azərbaycan-odlar yurdu" adlı sərgi təşkil edilib. Sərgidə müasir Azərbaycan rəssamlarının əsərləri, ölkəmizin tarixi keçmişini və hazırkı inkişaf yolunu, eləcə də ümummilli lider Heydər Əliyevin çoxcəhətli həyat və fəaliyyətini əks etdirən foto-şəkillər, kitab və bukletlər nümayiş etdirilib.
İki həftə müddətində Dyör sakinlərinin ixtiyarına verilən sərgini Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev və şəhər merinin müavini Balaş Pobert Şimon açıb. Səfir Quliyev çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycanın yeni və ən yeni tarixindəki böyük rolu, ölkənin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, uğurlu neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi, Azərbaycanın Avropa dəyərlərinə və demokratik dünyaya sıx inteqrasiyası sahəsindəki müstəsna xidmətləri haqqında ətraflı məlumat verib.
İştirakçılara Azərbaycan haqqında qısametrajlı sənədli filmlər nümayiş etdirilib. "Azərbaycan günü" Dyör şəhər meriyasında və Dyör-Mason-Sopron bölgəsinin Ticarət-Sənaye Palatasında keçirilən tədbirlərlə davam etdirilib. Yerli televiziya və mətbuat tədbiri geniş işıqlandırıb.