...

28 May - Respublika Günü Belqradda qeyd edilib

Siyasət Materials 27 May 2011 22:14 (UTC +04:00)
Cümə günü Azərbaycanın Serbiya Respublikasındakı Səfirliyində Azərbaycan Respublikasının Milli bayramı - 28 May, Respublika Günü münasibətilə rəsmi tədbir keçirilmişdir.
28 May - Respublika Günü Belqradda qeyd edilib

Azərbaycan, Bakı, 27 may /Trend/

Cümə günü Azərbaycanın Serbiya Respublikasındakı Səfirliyində Azərbaycan Respublikasının Milli bayramı - 28 May, Respublika Günü münasibətilə rəsmi tədbir keçirilmişdir. Bu barədə Səfirliyin məlumatında bildirilir.

Tədbirdə Serbiya ictimaiyyətinin və müsəlman icmasının, ictimai təşkilat və qeyri-hökumət qurumlarının nümayəndələri, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin müşaviri Qabil Köçərli tədbir iştirakçılarına 28 May - Respublika Gününün tarixi haqqında məlumat vermiş, 28 may tarixinin Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri sayıldığı və 93 il öncə müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının elan edildiyi barədə məlumat vermişdir. O, Avropa demokratik dəyərlərini, şərq mədəniyyətinin özəllikləri və milli-mənəvi dəyərlərlə üzvi surətdə birləşdirən Azərbaycan Demokratik Respublikasının yeni dövlət və cəmiyyət quruculuğu modelinə çevrildiyini, ölkədə milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının təmin edildiyini, müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququnun tanındığını qeyd etmiş, Azərbaycan Demokratik Respublikasının siyasi və mənəvi varisi olan müasir Azərbaycan dövlətinin bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçilik ideya və ənənələrini uğurla davam etdirdiyini vurğulamışdır.

Q.Köçərli həmçinin Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu çoxetiqadlı və çoxmillətli bir ölkə olduğunu, müxtəlif etnik qrupların nümayəndələrinin, müxtəlif dini köklərə malik olan insanların ölkəmizdə eyni hüquq və azadlıqlara malik olduqlarını bildirmiş, hazırda Azərbaycanda hər bir sahədə sürətli inkişafın getdiyini, ölkədə demokratik islahatların və irimiqyaslı layihələrin həyata keçirildiyini, ölkəmizin dünya birliyinə uğurla inteqrasiya olaraq, beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanındığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

O, eyni zamanda Azərbaycan dövlətinin bütün dünya ölkələri ilə mehriban və dost münasibətlər qurmağa böyük önəm verdiyini və son illərdə Azərbaycanla Serbiya arasında təşəkkül tapmış hərtərəfli münasibətləri buna nümunə kimi göstərmiş və iki ölkə arasında dostluq və qarşılıqlı maraqlara əsaslanan hərtərəfli əməkdaşlığın genişləndirilməsi və xalqlarımızın daha da yaxınlaşması üçün qarşılıqlı istəyin mövcudluğunu və geniş imkanların olduğunu vurğulamış, bu əlaqələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaxın günlərdə Serbiyaya gerçəkləşdiriləcək səfərindən sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirmişdir.

Tədbirin sonunda Azərbaycana həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.

Xəbər lenti

Xəbər lenti