Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar yaxın vaxtlarda başlanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia bildirib.
Onun sözlərinə görə, indi Aİ mandatın verilməsini gözləyir.
Kobianın sözlərinə görə, bu məsələdə Gürcüstan müsbət nümunədir.
"Aİ Avropa ilə Azərbaycan arasında əhalinin hərəkətinin sadələşdirilməsini arzu edir və bunun üçün hər iki tərəfin səy göstərməsi vacibdir", - Kobia bildirib.
Avropa İttifaqı və Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstəklə başlayıb.
Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.
Ötən ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - təşəbbüskarı Polşa və İsveç olan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa keçib.
"Şərq tərəfdaşlığı" Aİ-nin altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi yaxınlaşmasını nəzərdə tutur. Proqram Aİ-yə üzvlüyün mümkünlüyünü deyil, lakin viza rejiminin sadələşdirilməsini, enerji sahəsində əməkdaşlığı, sərbəst ticarət zonalarının yaradılmasını nəzərdə tutur. Eləcə də tələbə mübadiləsi, ətraf mühitin müdafiəsi, enerji təchizatı üzrə kiçik layihələr həyata keçiriləcək.
Kobia bildirib ki, sentyabrda Polşada "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan dövlətlərin başçılarının növbəti sammiti keçiriləcək, oraya Azərbaycan Prezidenti də dəvət olunacaq.