...

Səfir: "Məqsədimiz Argentina ilə bütün sahələrdə əməkdaşlığa təkan vermək və Azərbaycan həqiqətlərini geniş şəkildə təbliğ etməkdir" (MÜSAHİBƏ)

Siyasət Materials 25 İyul 2011 10:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir S.Ağayeva/

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin Trend-ə müsahibəsi

- Cənab səfir, iki ölkə arasındakı əlaqələri necə dəyərləndirirsiniz?

- Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin xarici siyasət strategiyasında Latın Amerikası prioritet regionlardan biri kimi müəyyən edilmişdir və bu xüsusda da 2000-ci illərin ortalarından ölkəmizin Argentina ilə əlaqələrinin inkişafına başlanılmışdır. Belə ki, 2006-cı ildə Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarovun Argentinaya həyata keçirilmiş rəsmi səfəri əməkdaşlığın inkişafı üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi və müzakirələrin aparılması baxımından əhəmiyyətli olmuş, habelə səfər çərçivəsində diplomatik və xidməti pasportlara münasibətdə vizasız rejimin tətbiq olunması barədə saziş və xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

Bir ildir ki, Azərbaycanın Cənubi Amerikada ilk diplomatik nümayəndəliyi kimi Argentinada səfirliyimiz fəaliyyət göstərir. Bu müddət ərzində Argentinanın hökumət qurumları, parlamenti, ictimai-siyasi dairələri, elmi-tədqiqat mərkəzləri, təhsil ocaqları, kütləvi informasiya vasitələri, əyalət və şəhər rəhbərlikləri, biznes sturkturları ilə əlaqələr qurulmuşdur.

Ötən ilin noyabrında Argentina hökumətinin ilk nümayəndəsi kimi xarici işlər nazirinin müavini cənab Alberto Pedro D'Alottonun Azərbaycana səfəri həyata keçirilmişdir. Bunun ardınca cari ilin fevral ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevin Argentinaya, habelə iyun ayında isə Argentina Gömrük İdarəsinin rəhbəri xanım Siamora Ayeranın ölkəmizə səfərləri həyata keçirilmişdir. Azərbaycan-Argentina əməkdaşlığının genişləndirilməsi nöqteyi-nəzərdən əhəmiyyətli olmuş bu səfərlər çərçivəsində xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması, diplomatik akademiyalar arasında və gömrük sahəsində əməkdaşlıq haqqında üç sənəd imzalanmışdır. Habelə, cari ilin aprel ayında Kiyevdə nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində Azərbaycanın Baş naziri cənab Artur Rasi-zadə ilə Argentinanın xarici işlər, beynəlxalq ticarət və etiqad naziri cənab Hector Timerman arasında görüş keçirilmiş və əməkdaşlığın inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunmuşdur.

- Argentina ilə əməkdaşlıqda Azərbaycan üçün prioritet sahələr hansılardır?

- Səfirliyin fəaliyyətinin prioritet istiqamətlərindən birincisi iki ölkə arasında sıx siyasi əlaqələrin inkişafına təkan verməkdir. Bu xüsusda, səfirlik müxtəlif nazirliklər, parlamentarilər, əyalət və şəhər rəhbərlikləri səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi istiqamətində iş aparır. Bu dövr ərzində iki ölkə arasında qanunvericilik bazasının inkişafı, həm hökumətlər, həm də qurumlararası çoxsaylı sənəd layihələri üzərində çalışmışıq. Bu gün təxminən müzakirə mərhələsində olan on beşə yaxın sənəd var. Onların bir qismi artıq tam şəkildə razılaşdırılıb. Bəzilərinin isə razılaşdırılması istiqamətində işlər davam edir.

İkinci prioritet istiqamət Azərbaycan reallıqları haqqında Argentina ictimaiyyətinə geniş məlumat verməkdir. Bu müddət ərzində Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsi, ölkəmizin müstəqillik tarixi, bu dövr ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər, eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzü və bu münaqişənin həqiqətləri, Azərbaycanın regional liderliyi və siyasəti haqqında geniş məlumatların yayılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmiş, habelə bu mövzular Argentina kütləvi informasiya vasitələrində əhatə olunmuşdur. Bu xüsusda geniş fəaliyyətimiz davam etdiriləcəkdir.

Üçüncüsü, əlbəttə ki, iqtisadi sahədə əməkdaşlığın inkişafı və gücləndirilməsidir. Apardığımız araşdırma nəticəsində belə bir qənaətə gəlmişik ki, hər iki ölkə bir-birini tamamlayan iqtisadiyyata malikdir. Xüsusilə də, Azərbaycanda qeyri-neft sektorlarının inkişafında Argentina şirkətləri çox yaxından iştirak edə bilərlər. Kənd təsərrüfatı sektorunun inkişafında Argentina təcrübəsinin öyrənilməsi və Azərbaycan reallıqlarına tətbiqi çox əhəmiyyətli olardı. Bu istiqamətdə Səfirlik Argentinanın iqtisadi yönümlü dövlət və ictimai qurumları, habelə işgüzar dairələri ilə çalışır və yaxın müddətdə Argentinanın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri, xüsusilə də Azərbaycan-Argentina biznes forumunun təşkili istiqamətində iş aparılır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsində müsbət irəliləyiş müşahidə olunmaqdadır. 2005-ci ildən bu günədək ticarət dövriyyəsi 15 dəfə artmış və 2010-cu ildə təxminən 30 milyon ABŞ dolları təşkil etmişdir. Düşünürük ki, bu həcmi yaxın müddətdə ən azı iki və ya üç dəfə artırmaq, habelə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq, əkinçilik, şərabçılıq, eyni zamanda ərzaq məhsullarının emalı, əczaçılıq, alternativ enerji sahələrində maraqlı ticarət və sərmayə layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Əlbəttə ki, biz Azərbaycan mallarının Argentina bazarına çıxarılması, bununla da ticarət dövriyyəsində müəyyən tarazlığın təmin edilməsi barədə də düşünürük.

Məqsədimiz Argentina ilə bütün sahələrdə əməkdaşlığa təkan vermək və Azərbaycan həqiqətlərini geniş şəkildə təbliğ etməkdir.

- Azərbaycanda Argentina səfirliyinin açılması gözlənilirmi?

- Hazırda Argentinanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycanda da akkreditasiya olunmuşdur . Argentina Azərbaycanı Avropanın Asiya ilə qovşağında yerləşən əhəmiyyətli geosiyasi mövqeyə və geniş iqtisadi imkanlara malik bir ölkə kimi dəyərləndirir. Azərbaycanda səfirliyin təsis edilməsi məsələsi Argentina hökumətinin gündəliyində ciddi şəkildə dayanıb. Bu barədə ötən il Argentina xarici işlər nazirinin müavini Azərbaycanda səfərdə olan zaman da bildirmişdir və bu istiqamətdə işlər davam etdirilir.

- Erməni lobbisinin güclü olduğu bir ölkədə Qarabağ haqqında həqiqətlərin yayılmasına necə nail ola bilmisiniz?

- Argentinanın bu münaqişə ilə bağlı mövqeyi birmənalıdır. 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulması ilə bağlı imzalanmış protokolda Argentina aydın şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni fikir ötən il iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin qurulması ilə əlaqədar imzalanmış memorandumda da öz əksini tapıb. Eyni zamanda, Argentina xarici işlər nazirinin müavini Alberto Pedro D'Alotto Azərbaycanda səfərdə olarkən bildirmişdir ki, Argentina Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələrinə uyğun şəkildə həllinin tərəfdarıdır və ölkəsi Minsk qrupunun səylərini dəstəkləyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, onun həqiqətləri, habelə hazırkı danışıqlar prosesi və münaqişənin nizamlanmasına dair ölkəmizin mövqeyi barədə Argentinanın rəhbərliyi, hökuməti, parlamenti, ictimai rəyə təsir göstərən liderlərinin, araşdırma mərkəzlərinin, ümumilikdə ictimaiyyətinin mütəmadi olaraq məlumatlandırılması, həmçinin onlarda bu münaqişə ilə əlaqədar düzgün təsəvvürün yaradılması səfirliyin fəaliyyətinin prioritet istiqamətidir. Bununla bağlı Argentina mətbuatında da çoxsaylı məqalələr dərc edilmiş, eyni zamanda bir sıra tədbirlər, xüsusilə də Argentinanın nüfuzlu universitetlərində mühazirələr təşkil olunmuşdur.

- Argentina ilə Azərbaycan arasındakı humanitar münasibətlərin səviyyəsi necədir?

- Səfirlik iki ölkə arasında humanitar, mədəniyyət, təhsil, turizm, xalqlararası əməkdaşlığın inkişafına da diqqət yetirir. Ötən il Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Biz təhsil və elm sahəsində üç sənəd üzərində işləyirik. Demək olar ki, həmin sənədlər artıq imzalanmağa hazır vəziyyətdədir.

Ənənəvi olaraq Argentinadakı universitetlət Latın Amerikasında reytinqi, təhsilin keyfiyyəti və geniş beynəlxalq əməkdaşlığı nöqteyi-nəzərdən seçilib. Bu dövr ərzində səfirlik Argentinanın çoxsaylı universitetləri ilə də əlaqələr qurmuşdur və hazırda tələbə və müəllim mübadiləsi istiqamətində də işlər davam etdirilir. Bu mübadilələr iki ölkənin bir-birində tanıdılmasında da mühüm rol oynaya bilər.

Azərbaycanın zəngin mədəni irsinin və turizm potensialının Argentinada təbliği də əsas fəaliyyət istiqamətlərindəndir. Bu xüsusda, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Argentinaya səfəri çərçivəsində də bır sıra maraqlı tədbirlər, gömrük eksponatlarının sərgisi, Azərbaycan musiqi ustalarının konserti və turizm sektorunun təqdimatı təşkil olunmuşdur.

Habelə, bu il ilk dəfə olaraq Azərbaycan dünyanın ən iri kitab və nəşriyyat sərgilərindən olan Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında, habelə səfirlik YUNESKO tərəfindən Buenos-Ayresin dünya kitab paytaxtı elan edilməsi çərçivəsində kitablardan simvolik Babil qülləsinin tikintisi layihəsində iştirak etmişdir ki, bu tədbirlər də ölkəmizin mədəniyyətinin və həqiqətlərinin təbliği baxımından əhəmiyyətli olmuşdur.

Həmçinin, Azərbaycan tarixi, mədəniyyəti və ənənələrinin təbliği istiqamətində fəaliyyət gösətərən İRS jurnalının bu il Argentinada "İRS Herencia" adlı ispan dilində ilk nömrəsi nəşr olunmuş və bununla əlaqədar Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında müvafiq təqdimat da keçirilmişdir. "İRS Herencia" jurnalının Azərbaycanın musiqi irsinə həsr olunmuş "Sehrli səslər məkanı Azərbaycan" adlı ilk nömrəsi Argentinada böyük marağa səbəb olmuşdur. Bu jurnalın mütəmadi olaraq nəşri və müvafiq olaraq ispandilli ölkələrdə yayılması planlaşdırılır.

Habelə, Argentinada geniş şəkildə Azərbaycan Mədəniyyət Günlərinin təşkili istiqamətində də işlər aparılır və bu xüsusda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də səfirliyə lazımi dəstək göstərilir.

Eyni zamanda, mədəniyyət və turizm sahələrində iki ölkənin müvafiq qurumları arasında da əlaqələrin qurulması və inkişafı, xüsusilə də müvafiq sənəd layihələrinin razılaşdırılması istiqamətində iş aparılır və hesab edirəm ki, həmin mədəniyyət günləri çərçivəsində bu sənədlərin imzalanması da mümkün olacaqdır.

- Argentinadan Azərbaycana hansı yüksək səviyyəli səfərlər gözlənilir?

- Hazırda müxtəlif nazirlik, dövlət qurumları, parlamentarilər səviyyəsində çoxsaylı səfərlərin təşkili istiqamətində iş aparılır və düşünürəm ki, yaxın aylarda həmin səfərlərin həyata keçirilməsi mümkün olacaqdır.

Xəbər lenti

Xəbər lenti