...

Prezident İlham Əliyev: Azərbaycan və Polşa arasında əldə edilmiş razılaşmalar əməkdaşlığa yeni təkan olacaq (FOTO)

Siyasət Materials 25 İyul 2011 13:02 (UTC +04:00)
İyulun 25-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub
Prezident İlham Əliyev: Azərbaycan və Polşa arasında əldə edilmiş razılaşmalar əməkdaşlığa yeni təkan olacaq (FOTO)

İyulun 25-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

"Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən Sizi ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminik ki, Sizin səfəriniz Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük töhfə verəcəkdir. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar əməkdaşlığa yeni təkan olacaq" Azərbaycan Prezidenti İlham Əliyev görüşün iştirakçılarına müraciətdə deyib.

Dövlət başçısı bildirib ki, siyasi əlaqələr yüksək səviyyədədir, eyni zamanda, iqtisadi sahədə əlaqələrin yaxşı perspektivləri var.

"Bu gün biz Sizinlə enerji sektorundakı əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bir sözlə, biz istəyirik ki, əlaqələrimiz bütün sahələri əhatə etsin və Polşa-Azərbaycan dostluğu uğurla davam etdirilsin" İlham Əliyev deyib.

Sonra Polşa Prezidenti Bronislav Komorovski çıxış edərək deyib:

"Hörmətli cənab Prezident! Bu gün biz Azərbaycanda Sizin qonağınız olmaqdan çox şadıq və olduqca məmnunuq. Biz Sizin ölkənizi yerləşdiyiniz regionda olduqca mühüm, əhəmiyyətli rol oynayan ölkə kimi qəbul edirik. Təbii ki, bizim münasibətlərimiz bu səfərdən sonra daha da inkişaf edəcək".

Polşa Prezidenti bildirib ki, hər iki xalq 20 il öncə əsl müstəqilliyini əldə etdi və bu vacib dəyərdən lazımınca bəhrələnir.

"Bu, iqtisadi sahədə də hiss olunur və hər iki ölkədə əldə edilmiş iqtisadi göstəricilər bunu sübut edir. Azərbaycanın iqtisadi sahədəki nailiyyətləri Sizin ölkənizə böyük hörmət qazandırır. Bu baxımdan işgüzar dairələrdə ölkənizə maraq get-gedə artır. Biz Sizin əldə etdiyiniz bütün bu nailiyyətləri çox yüksək qiymətləndiririk" Komorovski əlavə edib.

Xəbər lenti

Xəbər lenti