...

Konfederasiya ideyasına elmi-nəzəri və analitik-empirik yanaşma...

Siyasət Materials 7 Sentyabr 2011 15:08 (UTC +04:00)
Konfederasiya ideyasına elmi-nəzəri və analitik-empirik yanaşma...
Konfederasiya ideyasına elmi-nəzəri və analitik-empirik yanaşma...

Hikmət Babaoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Son zamanlar ölkə mətbuatında və ictimaiyyətdə diskussiya və polemika predmetinə çevrilən məsələlərdən biri də müxtəlif geosiyasi məkanlarda, o cümlədən ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionunda dövlətlərarası münasibətlərin yeni struktur vahidləri formatında şəkilləndirilməsi və tənzimlənməsidir. Daha da dəqiqləşdirsək, Cənubi Qafqaz geosiyasi məkanında milli dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq çərçivəsində deyil, konfederativ dövlət formasında tənzimlənməsi məsələsi aktuallaşdırılır. Amma məsələni aktuallaşdıraraq diskussiya və polemika obyektinə çevirən subyektlər onun mahiyyəti və substratlarını ictimaiyyətə dəqiq və düzgün çatdıra bilmir, yaxud irəli sürdükləri ideya və fikirlərlə ictimai rəyin yanlış formalaşması və istiqamətlənməsinə real zəmin yaradırlar.

Odur ki, məsələnin mahiyyəti və substratlarını dəqiq müəyyənləşdirmək, aşkar və təqdim etmək üçün aşağıdakı suallardan yola çıxmaqla bir-birilə bağlı olan bir çox kompleks səciyyəli məsələlərə toxunmaq lazımdır:

- Konfederativ dövlət formasının səciyyəvi xüsusiyyətləri, üstünlükləri və çatışmazlıqları nələrdən ibarətdir?

- XXI əsr müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində konfederativ dövlət forması nə dərəcədə aktual, real və effektivdir?

- Konfederasiya ideyaları haradan və hansı amillərdən qaynaqlanır?

- Cənubi Qafqazda milli dövlətlərarası strateji tərəfdaşlıq, yoxsa konfederativ dövlət forması daha effektiv və praqmatikdir?

Konfederativ dövlət forması müqayisəli təhlil obyekti kimi: səciyyəvi xüsusiyyətləri, spesifikası və substratları

Beləliklə, yuxarıda müəyyən edilmiş sual və məsələlərdən yola çıxaraq ilk növbədə dövlətlərin ərazi-inzibati quruluşuna görə səciyyələndirilən konfederasiyanın xarakteristikasına nəzər yetirmək məqsədəmüvafiqdir.

Konfederativ dövlət forması müstəqil dövlətlərin hüquqi anlaşma əsasında birləşdiyi vahid ittifaq kimi səciyyələndirilir. İttifaqa daxil olan subyektlər nisbi suverenliyə malik olur və nəzəri-formal-hüquqi əsasda özünün siyasi müstəqilliyini, konstitusiyasını, silahlı qüvvələrini, maliyyə və hüquq sistemini qoruyub saxlayır. Amma bütün bunlarla yanaşı, ümumi anlaşma əsasında formalaşmış konfederasiya çərçivəsində vahid dövlətə aid bir çox məsələlər razılaşdırılmamış və həll edilməmiş qalır. Daha çox ümumi məsələlər - müharibə və sülh məsələsi, xarici siyasət kursu, vahid ordunun, milli maliyyə və hüquq sisteminin formalaşması məsələləri birgə surətdə razılaşdırılır.

Konfederativ dövlət formasında hər nə qədər "mərkəzdənqaçma" meyiləri müşahidə və təzahür olunsa da, vahid siyasi kursun həyata keçirilməsi üçün tərəflərin təmsilçiliyi əsasında ümumi hakimiyyət strukturları formalaşdırılır. Amma formalaşdırılmış ümumi hakimiyyət orqanlarının qərarlarının imperativ səciyyə daşımaması - tövsiyə xarakterli olması idarəetmə sisteminin natamamlığından xəbər verir. Digər tərəfdən, konfederasiyanın formalaşması üçün əldə edilmiş razılaşmaya daxil olan maddələrin də bir çoxu qeyri-imperativ olur ki, bu da nəzəri və tətbiqi cəhətdən ittifaqın davamlılığını və əsaslarını şübhə altına alır.

Konfederativ dövlət formasının səciyyəvi cəhətlərini, çatışmazlıq və üstünlüklərini anlamaq üçün onu unitar dövlət forması və federasiya ilə müqayisə etmək məqsədəmüvafiqdir. Beləliklə, ilk növbədə, unitar dövlət formasına nəzər yetirək. Unitar dövlət mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş olmaq etibarilə müxtəif inzibati-ərazi vahidlərindən təşkil olunan dövlət formasıdır. Bu dövlət formasının tərkibindəki inzibati-ərazi vahidlərinin siyasi müstəqilliyi olmur. Unitar dövlətin bir sıra spesifik xüsusiyyətləri vardır:

- Unitar dövlətin vahid konstitusiyası olur ki, bu, bütün inzibati-ərazi vahidlərinə şamil edilir;

- İdarəetmə hakimiyyət orqanlarının formalaşdırdığı vahid sistem tərəfindən həyata keçirilir və qəbul edilən qərarlar imperativ səciyyə daşıyır;

- Vahid hüquq sistemi formalaşdırılır və ölkənin bütün ərazisində idarəetmə məhz həmin sistemə əsaslanır.

Dünya praktikasında unitar dövlət formasının 2 növünə rast gəlinir. Bunlardan birincisi, mərkəzləşdirilməmiş, digəri isə mərkəzləşdirilmiş unitar dövlətdir. Mərkəzləşdirilməmiş unitar dövlətlərdə inzibati-ərazi vahidlərini təşkil edən regional orqanlar (subyektlər) müstəqil surətdə formalaşır. İtaliya, Böyük Britaniya, İspaniya, Yaponiya və Yeni Zelandiya idarəetmə sisteminə görə bu tipə aid edilir. Mərkəzləşdirilmiş unitar dövlətlərdə isə regional orqanlar bilavasitə mərkəz tərəfindən formalaşdırılır və mərkəzə tabe olurlar. Bu cür unitar dövlət tipinə Qazaxıstan, Özbəkistan və Niderlandı aid etmək olar.

Federasiya da tərkibində inzibati-ərazi vahidlərini birləşdirən dövlət forması kimi səciyyələndirilir. Federasiyalar simmetrik və asimmetrik olmaq etibarilə 2 tipə ayrılır. Simmetrik federasiyalarda ittifaqın tərkibinə daxil olan subyektlər konstitusiya əsasında mühüm hüquqi üstünlük və imkanlara malik olur ki, bu da onların idarəetmədə müstəqil surətdə təmsilçiliyini təmin etmiş olur. Asimmetrik federasiyalarda isə ittifaqın tərkibinə daxil olan subyektlər məhdud müstəqilliyə malik olur. Bu cür federasiyalarda subyektlər müstəqil orqanlara sahib olmadığından idarəetmədə məhdud surətdə iştirak edirlər.

Ümumilikdə simmetrik və asimmetrik olmaq etibarilə federasiyalar aşağıdakı səciyyəvi xüsusiyyətlərin daşıyıcısı qismində qismində çıxış edirlər:

- İttifaq və subyektlər idarəetmənin hüquqi əsası kimi çıxış edən konstitusiyaya sahib olurlar;

- Hüquqi müstəvidə ittifaq konstitusiyası üstünlük təşkil edir və ümumfederal qanunvericiliyin əsası qismində çıxış edir;

- Simmetrik federasiyalarda subyektlər də hakimiyyət bölgüsünə malik olur, yəni qanunverici, icraedici və məhkəmə hakimiyyəti mövcud olur və ayrılıqda müstəqil surətdə fəaliyyət göstərirlər;

- Federasiya subyektləri müəyyən edilmiş norma və prinsiplər əsasında qanunvericilik hüququna malik olurlar;

- Federasiyalarda qanunverici orqan, yəni parlament ikipalatalı olur və subyektlərin nümayəndələri yuxarı palatada təmsil olunur;

- Federasiya subyektlərinin əhalisi vahid və bərabər vəətəndaşlığa malik olur.

Göründüyü kimi, konfederasiya bir çox məsələlərdə unitar və federativ dövlət formasından fərqli olaraq məhdud səciyyə daşıyır, eləcə də nəzəri və praktik baxımdan səmərəli dövlət forması kimi çıxış etmir. Odur ki, XXI əsr beynəlxalq münasibətlər sisteminin səciyyəsi və spesifikasına müvafiq surətdə konfederativ dövlət forması real istinad və seçim ünvanı qismində səciyyələndirilmir.

Konfederasiya XXI əsrin strateji seçimi deyil, yaxud strateji tərəfdaşlıq münasibətləri praqmatik seçim variantı kimi...

Yuxarıda sadalananların məntiqi nəticəsidir ki, XXI əsrdə dövrün reallıqları və qanunauyğunluqlarına müvafiq olaraq milli dövlətlər konfederativ dövlət formasına istinad etmirlər. XVIII, XIX və XX əsrlərdə milli dövlətlərin bir qismi konfederasiya dövlət forması lehinə seçim edirdilərsə, hazırda bu tendensiya müşahidə olunmur.

Digər bir tendensiya xarakterli reallıq ondan ibarətdir ki, bugünkü federasiyalar bir zamanların konfederativ dövlətləridir. Məsələn, İsveçrə 1848-ci ilədək konfederasiya dövlət quruluşunda olub, hazırda isə federasiyadır. Federasiya idarəetmə formasına malik olan ABŞ 1776-cı ildən 1787-ci ilə, Almaniya isə 1870-ci ilədək konfederasiya olub. Beləliklə sadalanan nümunələrin fonunda demək olar ki, konfederasiya bir növ federasiyanı hazırlayan mərhələ və ya struktur səciyyəsi daşıyır. Əgər konfederasiya dövlət forması daha məqbul və praqmatik dövlət forması olsaydı, məhz bu zaman adları çəkilən dövlətlər onlardan imtina edərək federasiya lehinə seçim etməzdilər.
Digər tərəfdən, müasir dövrdə beynəlxalq münasibətlərin müstəqil və aparıcı aktoru qismində çıxış edən milli dövlətlər konfederasiya dövlət formasındansa, paritet və simmetrik əsaslı strateji tərəfdaşlıq münasibətlərinə istinad edirlər. Çünki milli dövlətlərin müstəqil inkişafına birbaşa töhfə verəcək substrat asimmetrik səciyyəli konfederasiya deyil, ən müxtəlif sahələrdə əməkdaşlıq və tərəfdaşlığı möhkəmləndirməklə tərəqqini şərtləndirən strateji tərəfdaşlıq münasibətləridir.

Fikrimizi əsaslandırmaq üçün Avropa nümunəsinə nəzər yetirmək məqsədəmüvafiqdir. Məlum olduğu kimi, ötən əsrin ortalarında formalaşdırılmış Avropa İttifaqı bəhs edilən geosiyasi məkanda simmetrik tərəfdaşlıq münasibətlərinin təminatçısı qismidə çıxış edən institusional mexanizm səciyyəsi daşıyır. Və İttifaqda təmsil olunan milli dövlətlərarası münasibətlər paritet və simmetrik əməkdaşlığa əsaslanan tərəfdaşlığa söykənir. Əgər konfederativ dövlət forması aktuallıq və reallıq baxımından effektiv olsaydı, ən təkmil idarəetmə metodlarına istinad edən Avropa bu dövlət formasına üstünlük verərdi. Amma hazırkı dövrdə biz bunun əksini müşahidə edirik. Yəni XIX əsrdən başlamaq etibarilə Avropada konfederativ dövlət formasından ardıcıl surətdə imtina edilir.

Bunlarla yanaşı, xalqların və milli dövlətlərin müstəqil inkişaf yolunu seçmək kimi praqmatik mövqeləri konfederasiyanın formalaşması və davamlılığının təmin olunmasını istisna edir. Tarixdən məlumdur ki, formalaşdırılan konfederasiyalarda çox hallarda asimmetriklik mövcud olub və insani, siyasi, hüquqi, sosial və iqtisadi resursların simmetrik surətdə bölünməməsi çox ciddi institusional problemləri və böhranları şərtləndirib. Bu isə suverenliyi və milli inkişafı məhdudlaşdıran destruktiv faktor qismində çıxış edib.

Dolayısıyla, konfederasiya dövlət forması XXI əsrin qanunauyğunluqları və reallıqlarına müvafiq olaraq məqbul strateji seçim variantı deyil. Və yaxud dövlətlərarası strateji tərəfdaşlıq münasibətləri milli inkişaf və işbirliyini təmin edən tam praqmatik seçimdir.

Qafqazda konfederasiya yox, strateji tərəfdaşlıq münasibətləri daha real və perspektivlidir

Məhz bu cür diskussiya və polemikaların fonunda gündəmə gətirilən digər məsələ Cənubi Qafqazda konfederasiyanın formalaşdırılmasıdır. Bu zaman konfederasiya formatı daha çox Azərbaycan-Türkiyə-Gürcüstan və yaxud Azərbaycan-Türkiyə şəklində təqdim edilir.

Təbii ki, müasir dövrdə istər beynəlxalq münasibətlər sisteminin səciyyəsi və spesifikasına, istərsə də Cənubi Qafqazın regional təhlükəsizlik və işbirliyi balansına nəzər yetirdikdə belə bir qanunauyğun nəticəyə gəlmək olur ki, bəhs edilən geosiyasi məkanda bu cür konfederasiya formatları real, praqmatik və perspektivli deyil.

Əvvəla, bəhs edilən dövlətlərin müstəqil inkişafı üçün ən məqbul variant, qeyd etdiyimiz kimi, əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətləridir. Çünki suverenliyin qorunub saxlandığı, milli maraqların əsas götürüldüyü strateji tərəfdaşlıq münasibətləri milli dövlətlərin, o cümlədən bəhs edilən dövlətlərin müstəqil milli inkişafının əsasıdır. İkincisi, proseslərin regional və beynəlxalq qanunauyğunluqlara müvafiq surətdə təzahür və inkişaf etdiyi bir dövrdə belə bir ideyanı gündəmə gətirmək olduqca irrasioal istinaddır. Çünki hazırkı mərhələdə və perspektivdə bəhs edilən dövlətlərin təmsil olunduğu konfederasiyanın formalaşdırılması regional təhlükəsizliyə və beynəlxalq siyasi proseslərə zidd olar ki, bu da sözügedən dövlətlərin milli inkişafı və təhlükəsizliyinə real təhdid kimi çıxış edər. Üçüncüsü, bəhs edilən region hərbi-siyasi təhlükəsizlik balansına görə olduqca mürəkkəb geosiyasi məkan olduğundan tarixin bütün dövrlərində, ən azından son 3 əsrdə irəli sürülən konfederasiya ideyaları və bu yöndə atılan addımlar iflasa uğrayıb. Ötən əsrin birinci rübündə "Zaqfederasiya" cəhdlərinin iflasa uğraması buna bariz nümunədir.

Dolayısıyla, irəli sürülən konfederasiya ideyaları orada təmsil olunması nəzərdə tutulan milli dövlətlərin deyil, ideyanın ixracatçısı kimi çıxış edən xarici güc mərkəzlərinin maraqlarına xidmət edir. Nədənsə, bu ideyalar Azərbaycanın daha da gücləndiyi, beynəlxalq müstəvidə milli maraqlarını daha qətiyyətli və praqmatik surətdə müdafiə və təmin etdiyi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir halda güzəştə getmədiyi bir mərhələdə gündəmə gətirilib. Deməli, bu ideyaların arxasında duran xarici güclər gətirdikləri təkliflərlə yeni geosiyasi oyunlara start vermək istəyirlər.

Xəbər lenti

Xəbər lenti