...

Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq (FOTO)

Siyasət Materials 16 Sentyabr 2011 23:25 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq.
Prezident İlham Əliyev: Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq (FOTO)

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq, BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsi icra ediləcək və beləliklə, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıdacaqlar. Bu məsələ nəinki bizim üçün, bölgə üçün, dünya üçün təhlükə mənbəyidir və məsələnin tezliklə həll edilməsi bütün ölkələrin marağında olmalıdır, Trendin məlumatına görə, bunu cümə günü Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərək deyib.

"Biz bu gün, eyni zamanda, Avratlantik strukturlar ilə əməkdaşlığımız haqqında fikir mübadiləsi apardıq. Bir daha qeyd etmək istəyirəm ki, Monteneqronun qısa müddət ərzində həm NATO, həm Avropa İttifaqı ilə yaradılmış əlaqələri və inteqrasiya prosesləri böyük qiymətə malikdir. Mən Sizə söylədim ki, yəqin, dünya tarixində bu, rekord göstəricidir ki, Sizin ölkəniz qısa müddət ərzində hər iki təşkilatla çox yüksək səviyyəli əməkdaşlıq qura bilmişdir. Sizin inteqrasiya perspektivləriniz də çox müsbətdir.
Mən, cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Mən çox şadam ki, bizim şəxsi münasibətlərimiz də çox tez bir zamanda qurulubdur. Deyə bilərəm ki, bizi dostluq münasibətləri də bağlayır. Sizin səfəriniz həm ikitərəfli əlaqələrimiz üçün çox vacibdir, eyni zamanda, ölkəmizlə tanışlıq imkanlarını da yaradır", - Prezident deyib.

Prezident qeyd edib ki, bu gün regional əməkdaşlıq məsələləri də müzakirə edilib.

"Eyni zamanda, bu gün biz regional əməkdaşlıq məsələlərinə də toxunduq. Bu məsələ ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Mən hesab edirəm ki, Balkan regionu ilə bizim region arasında əlaqələr daha da sıx olmalıdır. Hər halda Azərbaycan öz tərəfindən çalışır ki, regionlarımızın əlaqələri daha da sıx olsun, əməkdaşlıq daha da güclü olsun. İrəli sürdüyümüz təşəbbüslər, ölkənizlə və Sizin qonşu ölkələrlə əlaqələrimiz onu göstərir ki, biz Sizin regionunuza çox böyük maraq və diqqət göstəririk.

Bu gün biz, eyni zamanda, regional məsələlər və təhlükəsizlik məsələlərinə də toxunduq. Mən bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fikrimi Sizə bildirdim. Məsələnin tarixi ilə bağlı Sizə öz sözlərimi dedim. Biz ümid edirik ki, yaxın zamanlarda bu ədalətsizliyə son qoyulacaq", - ilham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti