...

Türkiyə Suriyaya qarşı sanksiyalar paketi hazırlayır

Siyasət Materials 5 Oktyabr 2011 16:05 (UTC +04:00)
Təhlükəsizlik Şurası Suriya ilə bağlı qərar qəbul etməsə də, Türkiyə Prezident Bəşşar əl-Əsəd rejiminə qarşı öz sanksiyalar paketini hazırlayacaq.
Türkiyə Suriyaya qarşı sanksiyalar paketi hazırlayır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Təhlükəsizlik Şurası Suriya ilə bağlı qərar qəbul etməsə də, Türkiyə Prezident Bəşşar əl-Əsəd rejiminə qarşı öz sanksiyalar paketini hazırlayacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan bildirib. Məlumatı "Zaman" qəzeti yayıb.

Baş nazir Prezident əl-Əsədin Suriya xalqının çıxışlarını yatırmaq üzrə hərəkətlərini pisləyib.

"Biz islahatlar keçirilməsi sahəsində əl-Əsəddən konkret addımlar gözləyirdik, lakin o, xalqın tələblərinə cavab vermədi və biz müvafiq təşkilatları Suriya hökumətnə münasibətdə konkret addımlar atmağa çağırırıq", - Ərdoğan qeyd edib:

Türkiyə hökuməti sanksiyalar çərçivəsində Suriya Prezidenti və onun ailəsinin bütün aktivlərini dondurmağı qərara alıb.

Bununla yanaşı, əl-Əsəd rejiminə yaxın olan bir sıra şəxslərin Türkiyəyə girişinə icazə verilməyəcək.

Ərdoğan əvvəl də bildirib ki, onun ölkəsinin Suriyada baş verənlərə görə artıq "səbri tükənir". Bu məqsədlə də o, Bəşşar əl-Əsədi ölkədə zorakılığa son qoymağa və istefaya getməyə çağırıb.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

Xəbər lenti

Xəbər lenti