Azərbaycan, Bakı, 12 noyabr / Trend müxbir M.Əliyev/
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki subyektlərini maarifləndirilmək üçün "Namizədlər üçün yaddaş kitabçası" çap etdirib.
Komissiyanın mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvlüyünə iddialı vətəndaşların passiv seçki hüquqlarının reallaşıdırılmasına yardımçı olmaqdır.
Yaddaş kitabçasında bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, namizədliyin qeydə alınması qaydaları əks olunub. Eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilib. Kitabçada namizədlərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib.
Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Noyabrın 30-da Azərbaycanda boş qalan bələdiyyələrə seçkilər keçiriləcək.