...

Elmar Məmmədyarov İspaniyanın Cənubi Qafqaz üzrə xüsusi səfirini qəbul edib

Siyasət Materials 14 Noyabr 2011 17:51 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın Cənubi Qafqaz üzrə xüsusi səfiri Mariya Viktoriya Skola Pliyeqonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov İspaniyanın Cənubi Qafqaz üzrə xüsusi səfirini qəbul edib

Azərbaycan, Bakı, 14 noyabr /Trend /

Xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın Cənubi Qafqaz üzrə xüsusi səfiri Mariya Viktoriya Skola Pliyeqonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, ilk növbədə, səfir Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb. Pliyeqo ölkəmizin bu mötəbər quruma qeyri-daimi üzv qismində seçilməsini Azərbaycan kimi gənc ölkə üçün böyük nailiyyət olduğunu vurğulayıb.

Qonağı salamlayan nazir Elmar Məmmədyarov xanım Pliyeqoya təbriklərə görə təşəkkür edərək, Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzvlüyü müddətində qlobal və regional məsələlərin həllində effektiv və yaxından iştirak edəcəyinə əmin olduğunu bildirib.

Görüş zamanı Pliyeqo İspaniyanın Azərbaycanla mövcud əlaqələrini inkişaf etdirmək istəyində olduğunu qeyd edib və bu xüsusda nazir Məmmədyarovun İspaniyaya səfərinin çox səmərəli olduğunu vurğulayıb.

Görüşdə xanım Pliyeqo Azərbaycanda gedən sürətli inkişafdan təəssüratlandığını bildirib və ölkəmizdə iqtisadi inkişafın nəzərəçarpan olduğunu qeyd edib.

Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumu barədə məlumat verib. İspaniyalı qonaq münaqişə ilə bağlı status-kvonun qəbuledilməz olduğunu qeyd edərək, İspaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti