Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın konkret istiqamətləri müəyyənləşdirilib.
Bu ilin sentyabr ayında müdafiə sənayesi naziri Yavər Camalovla Qazaxıstanın müdafiə naziri Adilbek Caksibekov arasında keçirilən görüşdə əldə olunmuş razılaşmanın nəticəsi olaraq, çərşənbə günü Müdafiə Sənayesi Nazirliyində Azərbaycana işgüzar səfərlə dəvət edilən Qazaxıstanın müdafiə naziri müavininin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyinin rəhbər heyəti arasında görüş keçirilib. Bu barədə çərşənbə günü Trend-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Görüşdə Qazaxıstan tərəfinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlara maraq göstərdiyi qeyd olunub.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə iki qardaş ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın konkret istiqamətləri müəyyənləşdirilib və perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində qonaqların Müdafiə Sənayesi Nazirliyinin bir neçə müəssisəsinin istehsal prosesi ilə tanışlığı nəzərdə tutulur.