...

Elmar Məmmədyarov İraqın bələdiyyələr və ictimai işlər naziri ilə görüşüb

Siyasət Materials 23 Noyabr 2011 18:57 (UTC +04:00)
Elmar Məmmədyarov İraqın bələdiyyələr və ictimai işlər naziri, Azərbaycan-İraq ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının sədri Adil Muheydər Razi əl-Malikini qəbul edib.
Elmar Məmmədyarov İraqın bələdiyyələr və ictimai işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov İraqın bələdiyyələr və ictimai işlər naziri, Azərbaycan-İraq ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının sədri Adil Muheydər Razi əl-Malikini qəbul edib.

XİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Məmmədyarov, ilk növbədə, İraqın xarici işlər nazirinə salamlarını çatdıraraq, Azərbaycanla İraq arasındakı diplomatik əlaqələrin hazırda yüksək səviyyədə olduğunu qeyd edib, əl-Malikinin ölkəmizə səfərinin bu əlaqələrin daha da inkişafına töhfə verəcəyini vurğulayıb.

Öz növbəsində, İraq hökuməti və xalqının səmimi salamlarını Məmmədyarova çatdıran qonaq ölkəmizi BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib. Azərbaycanda güclü inkişafın şahidi olduğunu bildirən nazir ötən 20 il ərzində ölkəmizin həm daxili, həm də xarici siyasətdə yüksək nailiyyətlər əldə etdiyini və İraqın da bu inkişaf modelini nümunə kimi götürməsinin ölkəsi üçün çox faydalı olacağını qeyd edib. Azərbaycanla İraq arasında müştərək dəyərlərin olduğunu vurğulayan qonaq bir sıra sahələrdə əlaqələrin inkişafına Azərbaycan hökuməti və İraq hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın töhfə verəcəyini də bildirib. Bu xüsusda nazir əl-Maliki İraq tərəfinin bu əməkdaşlığa təkan verə bilməsi üçün Azərbaycanın İraqda səfirliyinin açılmasının vacib olduğunu qeyd edib.

Məmmədyarov ölkələrimiz arasında hüquq-müavilə bazasının genişləndirilməsinin vacib olduğunu və bu bazanın inkişafının gələcəkdə iki ölkənin iş adamlarının fəaliyyətinə böyük töhfə verəcəyini bildirib. Nazir ölkəmizin İraqla, xüsusilə də enerji sahəsində əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətli olacağını qeyd edib.

Sonda XİN rəhbəri Azərbaycanın İraqda səfirliyinin açılması ilə bağlı Milli Məclisin qərar qəbul etdiyini və yaxın zamanlarda səfirliyin fəaliyyətə başlayacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti