Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/
Bu gün Azərbaycan artıq Avropanın əsas enerji tərəfdaşına çevrilib. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
"Yeni qaz yataqlarının kəşf edilməsi Azərbaycanın ixrac potensialını artırıb, onu dünyanın əsas qaz hasilatçıları sırasına yüksəldib", - Mehdiyev əlavə edib.
Onun sözlərinə görə, eyni zamanda, regionda həyata keçirilən enerji layihələri, o cümlədən neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional əməkdaşlığa xüsusi töhfə verib.
"Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlət olaraq regional əməkdaşlığın əsas aparıcı qüvvəsinə çevrilib. Bu isə Azərbaycanda səmərəli dövlətçiliyin, güclü iqtisadiyyatın və milli birliyin bariz nümunəsidir", - PA rəhbəri deyib.
Mehdiyev qeyd edib ki, dövlət müstəqilliyinin əldə edilməsindən keçən bu illər ərzində Azərbaycanda islahatlar aparılıb, köklü, sistemli dəyişikliklər həyata keçirilib, iqtisadi münasibətlərin yeni əsaslar üzərində qurulması istiqamətində böyük işlər görülüb.
Onun sözlərinə görə, dünyanın güc dövlətlərinin geosiyasi mübarizəsi fonunda qonşu Ermənistanın hərbi təcavüzü, iqtisadi tənəzzül, inflyasiya, siyasi hərc-mərclik 90-cı illərin əvvəlində Azərbaycan dövlətinin gələcəyi haqqında ciddi suallar doğurub.
"Belə vəziyyətdə geniş iqtisadi və intellektual potensiala, təbii enerji sərvətlərinə baxmayaraq, xalqımızın güzəranı, həyat tərzi dözülməz həddə çatmış, insanların gələcəyə inamı tamamilə itmişdi", - o deyib.
Mehdiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı müasir Azərbaycan tarixində yeni bir eranın başlanğıcının rəmzinə çevrildi.
"Bütün sağlam qüvvələri, dövlətçilik düşüncəsi ilə yaşayan insanları öz ətrafında birləşdirərək o, Azərbaycanı bu çətin durumdan xilas etdi, yeni inkişaf strategiyasının əsasını qoydu", - Mehdiyev çıxışında vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi qüdrəti son iyirmi ildə dəfələrlə artıb və Azərbaycan regional iqtisadi inkişafın əsas aparıcı vektoruna çevrilərək, Cənubu Qafqaz ölkələrinin iqtisadiyyatının 80%-dən çoxunu təşkil edir.
PA rəhbəri qeyd edib ki, ölkə daxilində həyata keçirilən iqtisadi islahatlar, o cümlədən özəlləşmə və liberallaşma bazar münasibətlərinin formalaşmasını və qısa zaman axarında Azərbaycanın keçid dövrünü uğurla başa vurmasını şərtləndirib.
"Makroiqtisadi göstəricilər ölkə iqtisadiyyatının davamlı inkişaf səviyyəsini xarakterizə etməklə yanaşı, gələcək inkişaf amillərinin sağlam təməllər üzərində bərqərar olmasından xəbər verir", - o bildirib.
Mehdiyev deyib ki, Prezident İlham Əliyev tərəfindən prioritet kimi təyin edilən "qara qızılın insan kapitalına çevrilməsi" çağırışı bizim nə qədər bu problemə həssas yanaşmağımızı bir daha göstərir.
"Əgər dövlət öz funksiyalarını yerinə yetirməklə insanların öz bilik və bacarıqlarını təhlükəsiz şəraitdə inkişaf etdirməyə imkan verirsə, bu da öz növbəsində dövlətin, cəmiyyətin inkişafını təmin edir. Biz çox gözəl dərk edirik ki, insan amilinin inkişafına dövlət qayğısı təhlükəsiz gələcəyimizin təminatçısıdır", - PA rəhbəri çıxışında deyib.
Mehdiyev vurğulayıb ki, bizim yaşadığımız planetin taleyi, gələcək nəsillərin sağlam həyat tərzi sürməsi hansı coğrafi məkanda yerləşməsindən asılı olmayaraq, hər bir insanı qayğılandırmalıdır. Yer kürəsinin hər birimizin ümumbəşəri xəzinəsi olması ideyası istər gündəlik fəaliyyətimizin, istərsə də siyasi fəaliyyətimizin əsas ünsürünə çevrilməlidir.
"Azərbaycanın iqtisadi modeli "özəl" və "sosial" arasında vəhdətin tapılmasına və dövlətin zəruri müdaxilə rolunun yenidən dəyərləndirilməsinə əsaslanır. Dövlət malik olduğu vasitələrlə iqtisadi münasibətləri tənzimləyir, iqtisadi artımın yüksəlməsinə lazımi şərait yaradır. Bu gün Azərbaycan dövlətinin maliyyə imkanlarının genişlənməsi, iqtisadi fəaliyyətin müxtəlif sferalarını dəstəkləməyə və ölkə iqtisadiyyatının çoxşaxəli inkişafını təmin etməyə imkan verib", - o deyib.
PA rəhbərinin sözlərinə görə, 1993-cü ildə əsası qoyulan inkişaf strategiyası bu gün real nəticələri ilə Azərbaycanın qürur mənbəyinə çevrilib.