Azərbaycan, Bakı, 19 dekabr /Trend/
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar günü Fransa Senatını qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanun layihəsinin qəbul ediləcəyi halda bu ölkəyə qarşı cavab addımları atacağı ilə hədələyib. Trend-in məlumatına gögrə, bu barədə CNN Turk xəbər verib.
"Həmin qanun layihəsinin Fransada qəbul ediləcəyi halda Türkiyə cavab addımları atacaq və 1945-ci ildə Fransanın Əlcəzairdə 45000 dinc sakinin həlak olması zamanı törətdiyi soyqırımın tanınması barədə qanun layihəsini parlamentə çıxaracaq", - Əhməd Davudoğlu bəyan edib.
Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.
Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar.