...

ATƏT-in sədri: İnamın artırılması və gərginliklərin aradan qaldırılması lazımdır

Siyasət Materials 16 Yanvar 2012 09:00 (UTC +04:00)
İmon Gilmor nəyə görə Avropanın hələ də ATƏT-ə ehtiyacı olduğunu və İrlandiyanın təşkilata nə gətirə biləcəyi barəsində danışır
ATƏT-in sədri: İnamın artırılması və gərginliklərin aradan qaldırılması lazımdır

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

İmon Gilmor nəyə görə Avropanın hələ də ATƏT-ə ehtiyacı olduğunu və İrlandiyanın təşkilata nə gətirə biləcəyi barəsində danışır

Şimal yarımkürəsini Vankuverdən Vladivostoka qədər əhatə edən, ən böyük və ən uğurlu təhlükəsizlik qurumu olan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sədrliyi bu il İrlandiyaya keçib. Avropa İttifaqı və BMT qədər geniş tanınmasa belə, ATƏT Avropanın, eləcə də bütövlükdə ATƏT regionunun təhlükəsizliyi və stabilliyinin təmin olunmasında həyati rol oynayır. Soyuq Müharibə dövründə bu təşkilat şərqlə qərb arasında gərginliyin aradan qaldırılması və etimadın artırılması istiqamətində fəaliyyət göstərən başlıca forum idi. Təşkilatın silah satışı və hərbi şəffaflıq sahəsində davam edən fəaliyyəti 30 il əvvəl olduğu kimi Avropa təhlükəsizliyinin mərkəzində dayanır.

ATƏT-in işi yalnız təhlükəsizlik məsələlərində etimadın artırılması ilə bitmir. ATƏT-in bu sahədə etdiyi başlıca yenilik ondan ibarətdir ki, təhlükəsizlik sadəcə hərbi anlamda yox, eyni zamanda normal fəaliyyət göstərən iqtisadiyyat, ətraf mühitin uzunmüddətli mühafizəsi və hər kəsin insan hüquqlarından yararlandığı cəmiyyət anlamlarıyla birlikdə təqdim edilir. Bu, daima mübarizə aparan iki ideoloji blok arasında alternativ görə bilməyənlər üçün paralel bir yol açırdı. Təşkilatın insan hüquqlarına böyük diqqəti bu sahədə problemlərlə üzləşənlərə kömək göstərdi və daha demokratik cəmiyyətlərin inkişafına gətirib çıxardı. ATƏT həmçinin cənub-şərqi Avropada münaqişə sonrası reabilitasiya və dövlətçiliyin gücləndirilməsinə əhəmiyyətli tövhəsini verib.

Bu vəzifəni öhdəliyimə götürəndən dəfələrlə Soyuq Müharibədən 20 ildən çox müddət keçməsinə baxmayaraq nəyə görə Avropanın hələ də ATƏT-ə ehtiyacı olduğu və İrlandiyanın təşkilata nə gətirə biləcəyi suallarını cavablamalı olmuşam. Soyuq Müharibə bitmiş ola bilər, amma hələ də ATƏT-in hərtərəfli təhlükəsizlik məqsədinin reallaşması üçün çoxlu işlər görülməlidir. Dünya maliyyə böhranı Avropaya böyük zərbə oldu və kollektiv fəaliyyətin zəruri olduğunu bir daha vurğuladı. Çünki, heç bir ölkə böhranın yaratdığı problemlərlə təkbaşına mübarizə apara bilməz. Bu eynilə ATƏT-in mübarizə apardığı transmilli təhdidlərə də aiddir. İstər mütəşəkkil cinayətkarlıq ya da terrorizm olsun, istərsə də kiber təhlükəsizlik ya da insan alveri, heç bir ölkə öz qonşuları ilə əməkdaşlıq etmədən bu məsələlərin öhdəsindən gələ bilməz. Eyni zamanda, ATƏT-in həlli gecikən münaqişələrlə bağlı fəaliyyəti də prioritet istiqamətlərdəndir: biz Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupunun addımlarını dəstəkləyir, Dnestryanı münaqişənin həlli naminə 5+2 danışıqlarında və Gürcüstanda 2008-ci ildə baş vermiş münaqişə ilə bağlı Beynəlxalq Cenevrə Müzakirələrində iştirak edirik. ATƏT-in Bakı Ofisi də daxil olmaqla, Albaniyadan Özbəkistana qədər fəaliyyət göstərən missiyaları ev sahibi ölkələrinin öz əhalisinin ehtiyaclarına daha yaxşı cavab vermək üçün mühüm işlər görür.

Hər bir İrland hökuməti beynəlxalq çoxtərəfliliyə sadiq olub. Biz beynəlxalq təşkilatlara üzvlüyümüzü ciddi anlayır, uğurlu Avropa İttifaqı Prezidentlikləri və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü kimi şərəfli bir tarixçəyə malikik. ATƏT sədrliyinə başçılıq BMT Nizamnaməsində qeyd olunduğu kimi beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında və beynəlxalq hüquqa hörmətdə İrlandiyanın öhdəliklərini əsaslı şəkildə ifadə edir.

12 yanvar tarixində Vyanada ATƏT qarşısında çıxışımda qeyd etdiyim prioritetlər qarşılaşdığımız problemlərlə mübarizədə iddialı, lakin balanslaşdırılmış yanaşmanın nümunəsidir. ATƏT-in fundamental azadlıqların təminatçısı kimi mərkəzi rolunu bir daha təsdiqləmək üçün mən bütün üzv ölkələrlə çoxsaylı qərarlarda konsensusun əldə edilməsi naminə çalışacağam. Xüsusən də inanıram ki, formadan asılı olmayaraq, vətəndaşlar özünüifadə və mətbuat azadlığı kimi uzunmüddətli insan hüquqlarından yararlanmalıdırlar.

Bu məsələ ilə bağlı bu ilin iyun ayında mən Avropanın internet paytaxtı olan İrlandiyada İnternet Azadlığı Konfransına ev sahibliyi edəcəyəm. Bundan başqa münaqişələrin həllində İrlandiyanın unikal təcrübəsinə əsaslanaraq, mən bu ilin aprel ayında Şimali İrlandiya nümunəsində konfrans təşkil etməyi planlaşdırıram.

ATƏT-in yaranmasına gətirib çıxaran 1975-ci il Helsinki Yekun Aktının 40 illik yubileyi ilə bağlı mən mövcud və gələcək problemlərlə mübarizədə təşkilatı gücləndirmək üçün növbəti sədrliklərlə birlikdə çalışmaq öhdəliyini üzərimə götürürəm. İlkin mətnin Soyuq Müharibə düşmənlərini bir araya gətirib qarşılıqlı münasibətlərin qurulmasına yol açdığı kimi, biz 40 il sonra belə qeyri-müəyyən dünyada yarana biləcək təhlükələrə münasibətdə ATƏT-in hazırlılığını təmin etməliyik.

İmon Gilmor İrlandiya Baş nazirinin müavini və xarici işlər və ticarət naziridir. Yanvarın 1-dən etibarən o ATƏT-in fəaliyyətdə olan sədridir.

Xəbər lenti

Xəbər lenti