Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncə şəhərinə gəlib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Sonra Azərbaycan Prezidentinə Gəncə şəhərinin baş meydanında görülən işlər barədə məlumat verildi.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, son illər regionların inkişafı istiqamətində görülən işlər Gəncədə şəhər infrastrukturunun yenilənməsi, sosial və istehsal təyinatlı yeni müəssisələrin işə düşməsi ilə müşayiət olunub. Gəncənin inkişaf proqramı işlənib hazırlanıb və bu proqram hazırda uğurla icra edilir.
Prezident İlham Əliyevin dəfələrlə Gəncəyə etdiyi səfərlər şəhərin həyatında mühüm dəyişikliklərin əldə olunması ilə yadda qalıb. Dövlətimizin başçısı Gəncənin müasirləşdirilməsi istiqamətində işlər aparılarkən milli xüsusiyyətləri də unutmamağı tövsiyə edib. Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə qərar da Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun qəbul olunub. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncənin memarlıq ansamblına şəhərin qədimliyini nəzərə çarpdıran monumentalizm ünsürlərinin əlavə edilməsi qərara alınıb. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi-memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülüb.