Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/
Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy hesab edir ki, İsa Qəmbər qarşıdan gələn qurultayda başqan seçkisinin təxirə salınmasına əl qoymayacaq.
"Azərbaycan müxalifətində siyasətçilər içərisində yüksək siyasi reytinqə malik olan İsa Qəmbər başqanlıq seçkilərinin təxirə salınmasına əl qoymayacaq. Mən təbiətcə demokratik İsa Qəmbərin birdən-birə belə addımı atmasına inanmıram. İsa Qəmbər Müsavat Partiyasında tam və ədalətli seçkilərin keçirilməsində maraqlıdır. Mən hesab edirəm ki, başqan bu missiyanı sona qədər yerinə yetirəcək və demokratik imicini qoruyacaq", - bunu çərşənbə axşamı Trend-ə Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy bildirib.
Qeyd edək ki, Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu Trend-ə bildirib ki, Müsavat başqanının seçilməsi məsələsi partiyanın martda keçiriləcək qurultayında təxirə salına və İsa Qəmbərin səlahiyyətləri növbəti qurultaya qədər uzadıla bilər.
Əlisoy həmçinin hesab edir ki, yeni başqan seçilərsə, partiyanın siyasi kursunda heç bir dəyişiklik olmayacaq.
"Mən artıq 7-8 ildir ki, Müsavat başqanın müşaviriyəm, indiyə qədər yürüdülən siyasətlə razı olduğuma görə başqan müşaviri vəzifəsində davam edirəm və hesab edirəm ki, Müsavat Partiyasının gələcək siyasi kursunda heç bir dəyişiklik baş verməyəcək", - Əlisoy bildirib.
O, hesab edir ki, hətta kimsə düşünsə də, bunu etmək mümkün deyil.
"Mən 100 illik partiyanın ideologiyasının, kursunun dəyişməsini qeyri-mümkün sayıram", - Əlisoy bildirib.
Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb.