...

AMİP sədri: "Qarabağ" blokunun müxalifəti birləşmək təklifinin reallaşması hələ tezdir

Siyasət Materials 3 Fevral 2012 15:37 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri müxalifətin bir araya gəlməsi ilə bağlı sənədin ortaya qoyulmasının tez olduğunu hesab edir.
AMİP sədri: "Qarabağ" blokunun müxalifəti birləşmək təklifinin reallaşması hələ tezdir

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri müxalifətin bir araya gəlməsi ilə bağlı sənədin ortaya qoyulmasının tez olduğunu hesab edir.

"Bizim ilk görüşümüz Demokrat Partiyasının sədri ilə oldu, onunla görüşəndən sonra "Qarabağ" bloku belə bir təklif irəli sürdü. Ancaq sənədin indidən ortaya qoyulması çox tezdir, yəni bu sənəd birgə məhsul olmalıdır. Kiminsə məhsulu olmalı deyil", - AMİP sədri Yusif Bağırzadə cümə günü Trend-ə açıqlamasında deyib.

Qeyd edək ki, bir müddət öncə AMİP müxalifətin vahid mövqedən, vahid sənədlə, vahid platformadan çıxış etməsi təşşəbüsünü irəli sürmüşdü. Bundan sonra müxalif Demokrat (ADP) və Ümid partiyalarının birləşdiyi "Qarabağ" siyasi bloku müxalifət partiyalarına birliklə bağlı məktub ünvanlayıb. Məktubda müxalifətin birləşməsinin vacibliyi vurğulanıb.

Bağırzadə hesab edir ki, siyasi partiyaların rəhbərləri bir araya gəldikdən sonra bu sənəd işçi qrupu səviyyəsində hazırlanmalıdır.

"Mən "Qarabağ" blokunun təklifini alqışlayıram, lakin bu təklifin sənəd formasına salınması hələ tezdir. Bu, tərəflərin razılığından sonra sənəd formasına salınmalıdır", - partiya sədri qeyd edib.

Onun sözlərinə görə, növbəti həftə bu istiqamətdə Ümid, Vətəndaş Həmrəyliyi, Müsavat partiyaları ilə görüşlərin geçirilməsi nəzərdə tutulub.

Bağırzadə bu görüşlərdən müsbət nəticə əldə olunacağına ümid edir.

"Biz yaradılan siyasi ittifaqlara, bloklara hörmətlə yanaşırıq. Ancaq müəyyən tezislər uğrunda Azərbaycanın aparıcı müxalifət partiyaları bir araya gələ bilərlər. Yəni, onlar həmin bloklarda, ittifaqlarda fəaliyyətlərini davam etdirirlər, ancaq müəyyən bir məqsəd uğrunda birləşib bir dialoq apara, ümimi qərara gələ, vahid mövqedən çıxış edə bilərlər", - Bağırzadə deyib.

O, qeyd edib ki, Azərbaycanda aparıcı 5-6 müxalifət partiyası bu günə qədər bir araya gələ bilməyib, əksinə, qütbləşmə gedir.

Xəbər lenti

Xəbər lenti