Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.Mehdiyev/
NATO Azərbaycanla sülhməramlı əməliyyatlarla yanaşı, energetika, terrorizmlə mübarizə və digər sahələrdə də əməkdaşlıq edir. Trend-in məlumatına görə, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay cümə günü Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbələri ilə görüşdə deyib.
Appaturay Azərbaycanın İSAF-la əməkdaşlıq çərçivəsində NATO-nun etibarlı müttəfiqi kimi qalacağına əminliyini bildirib.
Görüş zamanı, həmçinin NATO-nun fəaliyyəti, sülhyaratma əməliyyatları, digər ölkələrlə əməkdaşlığı və s. məsələlər müzakirə olunub.
Appaturay ərəb ölkələrində, xüsusən də Əfqanstanda və dünyada cərəyan edən digər hadisələrlə bağlı tələbələrin suallarını ətraflı cavablandırıb və təmsil etdiyi təşkilatın mövqeyini bildirib.
Görüşdə həmçinin NATO-nun yeni strateji konsepsiyası, qarşıdakı Çikaqo sammiti, alyansın Cənubi Qafqaz regionunda əhəmiyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xüsusi nümayəndə Azərbaycanda səfərdədir. Səfər çərçivəsində Appaturay fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və rəsmi şəxslərlə Azərbaycan və NATO əməkdaşlığına dair bir sıra məsələləri müzakirə edib.