...

ADA-da "Beyond The Resource Curse" kitabının təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 16 Fevral 2012 17:35 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində Brenda Şaffer və Taleh Ziyadov tərəfindən redaktə edilmiş "Beyond The Resource Curse" adlı yeni nəşr olunmuş kitabın təqdimatı keçirilib.
ADA-da "Beyond The Resource Curse" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində Brenda Şaffer və Taleh Ziyadov tərəfindən redaktə edilmiş "Beyond The Resource Curse" (Təbii Resursların "Lənətinin" Fövqündə) adlı yeni nəşr olunmuş kitabın təqdimatı keçirilib.

Akademiyanın mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, kitab ABŞ-ın nüfuzlu akademik nəşriyyatlarından biri olan Pensilvaniya Universiteti Nəşriyyatı (UPENN Press) tərəfindən nəşr edilib.

ADA-nın rektoru, səfir, xarici işlər nazirinin müavini Hafiz Paşayev tədbiri giriş sözü ilə açıb və bu nəşrin akademik ictimaiyyət üçün əhəmiyyətini vurğulayıb.

"Bu kitab iki illik gərgin əməyin nəticəsidir. Mən çox şadam ki, bu dəyərli kitabın ərsəyə gəlməsində azərbaycanlı alimlərin, o cümlədən ADA-nın professorlarının böyük rolu olub", - o deyib.

Kitabda təbii sərvətlər və iqtisadi təhlükəsizlik arasındakı münasibətlərə diqqət yetirilməklə, neft və qaz ixrac edən ölkələrin üzləşdikləri problemlər və onların həlli mexanizmləri müzakirə olunur. Kitabın bölmələrində Azərbaycan, Bəhreyn, Kamboca, Şərqi Timor, İran, Norveç, Rusiya, Trinidad və Tobaqo, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi ölkələrdəki məsələlər analiz edilir.

"Azərbaycan xammal ixrac edən unikal bir ölkədir. Bura enerji ixracından öncə də yüksək səviyyədə müasir bir cəmiyyət idi (yüksək təhsil səviyyəsi, qadınların və milli azlıqların işçi bazarına inteqrasiyası, dinin siyasətdən ayrı olması). Bütün bunlar Azərbaycana resurs lənətindən yan keçməyə imkan yaradır", - Şaffer bildirib.

O əlavə edib ki, enerji ixracından xarici siyasətdə üstünlük məqsədilə istifadə etmək çətindir. Çox zaman enerji ixrac edən ölkələr bazardan daha çox asılıdırlar, nəinki bazarlar neft və qazdan.

"Resurslarla zəngin ölkələrin nə dərəcədə uğurlu və ya uğursuz olmaları orada resursların mövcudluğundan daha fərqli amillərdən və hökumətin bu resursları necə idarə etməsindən asılıdır. Bu məsələləri həll etmək üçün belə ölkələrin üzləşdikləri ümumi problemləri başa düşmək vacibdir", - Ziyadov bildirib.

Brenda Şaffer Hayfa Universitetinin siyasi elmlər üzrə baş mühazirəçisi və ADA-nın mühazirəçi professoru, Taleh Ziyadov isə ADA-nın tədqiqatçısı və Kembric Universitetinin doktorantıdır.

Sözügedən kitab ADA Kitab Mərkəzində satışda olacaq.

Xəbər lenti

Xəbər lenti