...

Milli Məclisin vitse-spikeri Qubada baş verənlərə münasibətini açıqlayıb

Siyasət Materials 2 Mart 2012 09:56 (UTC +04:00)
Milli Məclisin vitse-spikeri Bahar Muradova Qubada baş verənlərin iğtişaş kimi qələmə verilməsini düzgün saymır.
Milli Məclisin vitse-spikeri Qubada baş verənlərə münasibətini açıqlayıb

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/

Milli Məclisin vitse-spikeri Bahar Muradova Qubada baş verənlərin iğtişaş kimi qələmə verilməsini düzgün saymır.

"Vətəndaşların bu və ya digər məsələlərə, problemlərə, sosial narazılıqlara fikir bildirməsi normal haldır və hər kəsin konstitusion hüququdur", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Muradova deyib.

Muradova bildirib ki, Qubada baş verən hadisələri bəzi müxalif dairələrin inqilab və ya üsyan kimi qiymətləndirməsi doğru deyil və cəfəngiyyatdır.

Onun sözlərinə görə, Quba rayon icra başçısının noyabr ayında olan çıxışının indi yayımlanması müəyyən məqamlardan xəbər verir.

"Burada kimin əli ola biləcəyini söyləyə bilmərəm. Hüquq-mühafizə orqanları araşdırma aparır. Hər şey bundan sonra aydın olacaq", - Muradova əlavə edib.

Qeyd edək ki, cümə axşamı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun yaydığı birgə məlumatda bildirilib ki, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib.

Xəbər lenti

Xəbər lenti