...

Gürcüstan Prezidentinin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

Siyasət Materials 6 Mart 2012 23:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir.
Gürcüstan Prezidentinin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Çərşənbə axşamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir.

"Bizim şəxsi və dövlətlərarası münasibətlərimiz gözəl tarixə malikdir və dostluğa, qardaşlığa, qarşılıqlı dəstəyə əsaslanır", - deyən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu münasibətlərin gözəl gələcəyi vardır.

Prezident İlham Əliyev səfər çərçivəsində müzakirə olunan məsələlərə toxunaraq dedi ki, danışıqlarda ikitərəfli münasibətlərin gündəliyi, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Gürcüstan ilə Azərbaycan arasında münasibətlərin gələcəyi ilə bağlı tam qarşılıqlı anlaşmanın olduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, bu münasibətlərin möhkəm əsası vardır. Bundan əlavə, xalqlarımız arasında sıx qonşuluq tarixi mövcuddur və müstəqillik illərində bu münasibətlər daha da möhkəmlənib.

"Budəfəki danışıqlar zamanı ikitərəfli münasibətlərin gələcək prioritetləri müəyyənləşdirilib və əminəm ki, əməkdaşlığın müsbət nəticələri gələcəkdə daha da çoxalacaq", - deyən Prezident İlham Əliyev iki ölkə arasında nəqliyyat və enerji təhlükəsizliyi ilə bağlı layihələrdən danışdı. Bildirdi ki, bu istiqamətlərdə səylər nə qədər sıx əlaqələndirilsə həmin layihələrin uğuru o qədər çox olacaqdır.

Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyini deyən dövlətimizin başçısı ikitərəfli münasibətlərin nadir xarakter daşıdığını bildirdi.

Gürcüstana və gürcü xalqına böyük hörmətlə yanaşdığını deyən Prezident İlham Əliyev vurğuladı ki, Gürcüstan böyük ənənələri, zəngin mədəniyyəti və qədim tarixi olan ölkədir. Azərbaycanın Gürcüstanın əldə etdiyi uğurlara sevindiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, uğurlu inkişaf yalnız səylərin sıx birləşməsi nəticəsində mümkündür. "Azərbaycan və Gürcüstan iki dost və iki qardaşdır. Belə olub, belədir və belə də olacaq", - deyə Prezident İlham Əliyev vurğuladı.

Gürcüstan Prezidenti Mixeil Saakaşvili ölkələrimiz arasında mövcud münasibətlərdən danışdı, xalqlarımızın bir-birinə olan hörmət hisslərinin tarixdən qaynaqlandığını diqqətə çatdırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmiz qarşısındakı xidmətlərini yüksək qiymətləndirən Prezident Mixeil Saakaşvili onunla görüşlərini xatırladı.

Hər səfərində Azərbaycanda böyük dəyişikliklərin şahidi olduğunu, ölkəmizdə gedən inkişafın onu sevindirdiyini deyən Gürcüstan Prezidenti Azərbaycanın gözəl perspektivə malik ölkə olduğunu bildirdi. Gürcüstan dövlətinin başçısı Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkəmizin gələcək uğurlarından xəbər verdiyini dedi. Vurğuladı ki, Azərbaycandakı inkişaf Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olub.

"Bu gün Gürcüstanın belə sürətlə inkişaf etməsini Azərbaycanın dəstəyi olmadan təsəvvür etmək mümkün deyil", - deyən Prezident Mixeil Saakaşvili Azərbaycanın Gürcüstana çətin məqamlarda köməyini xatırlatdı və gürcü xalqının bunu heç vaxt unutmadığını vurğuladı.

"Əminəm ki, Azərbaycan sonadək güclü və müstəqil dövlət olacaqdır", - deyən Prezident Mixeil Saakaşvili Azərbaycan-Gürcüstan dostluğunun gələcək nəsillərə ötürüləcəyinə inandığını diqqətə çatdırdı.

Xəbər lenti

Xəbər lenti