...

Təhsil Nazirliyinin səlahiyyətlərinin bir hissəsi TQDK-ya verilib

Siyasət Materials 19 Aprel 2012 19:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əsasnamələrinə dəyişikliklər edilməsi barədə fərmanlar imzalayıb.
Təhsil Nazirliyinin səlahiyyətlərinin bir hissəsi TQDK-ya verilib

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əsasnamələrinə dəyişikliklər edilməsi barədə fərmanlar imzalayıb.

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərmanda qeyd olunur ki, əsasnamənin 8.5-ci yarımbənddə "qiymətləndirməni" sözündən sonra "(ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla)" sözləri əlavə edilsin, 8.36-cı yarımbənddən "və təhsilalanların" sözləri çıxarılsın.

Fərmandan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə həvalə edilib.

Eyni zamanda, Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

"Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"yə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilib: ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi;
ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılıb ki, bir ay müddətində aparatında ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratsın, üç regional bölmənin yaradılması barədə təklifini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Bundan əlavə, Təhsil Nazirliyinə tapşırılıb ki, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-teхniki avadanlığın və elektron məlumat bazasının on beş gün müddətində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsini təmin etsin.

Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi və yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əsaslandırılmış təklifi əsasında bir ay müddətində Komissiyaya ayrılmasını təmin etmək Nazirlər Kabinetinə həvalə olunub.

Xəbər lenti

Xəbər lenti