...

Latın Amerikası ölkələri və Azərbayanın rəsmi nümayəndələrinin qarşılıqlı səfərləri baş tutacaq - səfir

Siyasət Materials 30 Aprel 2012 10:16 (UTC +04:00)
Meksika və Azərbaycan arasında münasibətlər çox yaxşı səviyyədədir. Bu barədə Trend-ə Azərbaycanın Meksikada, eyni zamanda Kolumbiyada akkreditə olunan səfiri İlqar Muxtarov bildirib
Latın Amerikası ölkələri və Azərbayanın rəsmi nümayəndələrinin qarşılıqlı səfərləri baş tutacaq - səfir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir S.Ağayeva/

Meksika və Azərbaycan arasında münasibətlər çox yaxşı səviyyədədir. Bu barədə Trend-ə Azərbaycanın Meksikada, eyni zamanda Kolumbiyada akkreditə olunan səfiri İlqar Muxtarov bildirib.

Məlum olduğu kimi, 2011-ci ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya rəsmi səfər edib. Bu il isə Məmmədyarov Meksika tərəfinin dəvəti ilə "Böyük iyirmilər"in xarici işlər nazirlərinin qeyri-formal sammitində iştirak edib.

"Bu il Meksikanın XİN rəhbəri xanım Patrisia Espinoza Kasteyanonun Azərbaycana cavab səfəri planlaşdırılıb", - səfir deyib.

Onun sözlərinə görə, eləcə də Meksika parlamentariləri və Kolumbiya senatorlarının Bakıya səfərləri gözlənilir.

"Eyni zamanda, Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfərə dəvət olunub və səfər bu il baş tutacaq", - Muxtarov bildirib.

Diplomatın sözlərinə görə, ilin ikinci yarısında Kolumbiyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır. "Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin böyük nümayəndə heyəti ilə Kolumbiyaya səfəri planlaşdırılır. Bu istiqamətdə işlər aparlır", - Muxtarov deyib.

Səfir bildirib ki, bundan başqa, Kolumbiyanın ticarət nazirinin Azərbaycana səfəri və Azərbaycan-Kolumbiya biznes forumunun keçirilməsi nəzərdə tutulur. "Nümayəndə heyətinin tərkibinə Kolumbiyanın iri şirkətlərinin nümayəndələri daxil olacaq. Düşünürəm ki, bu səfər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək", - Muxtarov qeyd edib.

Diplomat əlavə edib ki, Kolumbiya enerji resursları ilə zəngindir, gündəlik neft hasilatı təqribən 1 milyon barel təşkil edir və bununla əlaqədar ölkə bu sahədə təəcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Onun sözlərinə görə, Kolumbiya, həmçinin müdafiə sənayesi, xüsusən hərbi sursatın alınması ilə maraqlanır.

"Kolumbiyanın silah istehsalçısı kimi Azərbaycana marağı yaranıb", - Muxtarov bildirib.

Xəbər lenti

Xəbər lenti