...

İran və BAEA arasında növbəti danışıqlar üç aspektdə cəmlənəcək - xüsusi nümayəndə

Siyasət Materials 2 May 2012 08:22 (UTC +04:00)
İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında qarşıdakı danışıqlar siyasi, hüquqi və texniki aspektlərdə cəmlənəcək.
İran və BAEA arasında növbəti danışıqlar üç aspektdə cəmlənəcək - xüsusi nümayəndə

Azərbaycan, Bakı, 1 may /Trend, müxbirlər T.Cəfərov, E.Tarıverdiyeva/

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında qarşıdakı danışıqlar siyasi, hüquqi və texniki aspektlərdə cəmlənəcək. Bu barədə çərşənbə axşamı Trend-ə İranın BAEA-dakı nümayəndəsi Əli Əsgər Soltaniyə bildirib.

Ötən cümə günü Soltaniyə bəyan etmişdi ki, Tehran və BAEA arasında nüvə problemi üzrə danışıqların yeni raundu mayın 13-14-də Vyanada baş tutacaq.

Soltaniyənin sözlərinə görə, İranın nüvə fəaliyyəti BAEA-nın nəzarəti altındadır. O bildirib ki, İranın nüvə obyektlərində yoxlamalar həftədə bir dəfə heç bir problem olmadan aparılır.

"İrandakı Nətənz, Fordo nüvə reaktorları və AES-lərdə bütün yoxlamalar daimi əsasda və problemsiz aparılır. Artıq neçə ildir ki, İran nüvə proqramının hərbi aspektlərində təqsirləndirilir, lakin biz dəfələrlə bunun əksini sübut edirik", - Soltaniyə qeyd edib.

Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı ölkəyə qarşı ittihamların əsası yoxdur.

"BAEA-nın keçmiş rəhbəri Məhəmməd əl-Baradeyi öz məruzəsində qeyd etmişdi ki, İranın hərbi obyektləri var, lakin obyektlərdə nüvə materiallarının mövcudluğu sübut edilmədi. Buna baxmayaraq, İranı indiyədək açıq şəkildə təqsirləndirirlər", - Soltaniyə qeyd edib.

Onun sözlərinə görə, İran növbəti dəfə sübut etdi ki, bu ittihamlar əsassızdır.

"Biz artıq BAEA ilə danışıqların iki raundunu keçirdik və önəmlidir ki, hər iki tərəf öz rolunu bilir", - Soltaniyə deyib.

Soltaniyə bəyan edib ki, İran nüvə silahının yayılmaması haqqında müqavilədə qeyd edilən BAEA-nın suallarına cavab verməklə bağlı heç bir öhdəliyə malik deyil. Onun sözlərinə görə, bununla belə, İran və agentlik danışıqların strukturu haqqında plan qura və razılaşa bilərlər. Burada məqsəd İranın nüvə fəaliyyəti ilə bağlı bəzi şübhələri aradan qaldırmaqdır.

"Biz nüvə problemi ilə bağlı qarşıdakı görüşdə BAEA-nın direktoru Yukiya Amanonun köməkçisi Rafael Qrossi, onun müavini Herman Nakerts və digər rəsmilərlə danışıqlar aparacağıq. Ümid edirəm ki, İranın nüvə proqramı ilə bağlı problem tamamilə həll ediləcək", - Soltaniyə deyib.

Xəbər lenti

Xəbər lenti