...

Ramiz Mehdiyev: Azərbaycan enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibinə çevrilib (FOTO)

Siyasət Materials 5 May 2012 14:44 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda konfrans keçirilib.
Ramiz Mehdiyev: Azərbaycan enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibinə çevrilib (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, "Gülüstan" sarayında keçirilən tədbirin açılışında YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycanda qarşıdakı dövrlərlə əlaqəli inkişaf konsepsiyasının işlənib hazırlanması üzrə çox geniş, aktiv işlər aparılır.

"Təsadüfi deyil ki, YAP-ın ümummilli liderin doğum günü ərəfəsində keçirdiyi ənənəvi konfransların builki tematikası məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşmaqda olan "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının tematikasına uyğun şəkildə həyata keçirilir", - Əhmədov deyib.

Konfransın plenar iclasında Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda məruzəsi dinlənilib.

Mehdiyev çıxışında deyib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda hökm sürən hərc-mərcliyə son qoyulub, ictimai-siyasi sabitlik və sosial ədalət bərpa edilib, siyasi, iqtisadi, hüquqi demokratik islahatlar dönməz və ardıcıl xarakter alıb.

"Azərbaycanda sözdə deyil, əməldə müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyev öz xalqının taleyində müstəsna rol oynayan, Vətəninin ağır günündə onun imdadına yetən, müqəddəs xilaskarlıq və quruculuq missiyasını üzərinə götürən, çətin yolu qələbə ilə başa vuran siyasi xadimdir. Bu böyük şəxsiyyətin adı Azərbaycan tarixinə, xalqın yaddaşına haqlı olaraq milli xilaskar kimi həkk olunub. Azərbaycanın dövlət müstəqilliyinin və unitar dövlət varlığının qorunub saxlanılması, xalqın gələcək taleyini təhdid edən təhlükələrin siyasi uzaqgörənliklə aradan qaldırılması ulu öndərin danılmaz tarixi xidmətidir. Heydər Əliyev siyasi kursunun bu gün birmənalı dəstəklənməsi, ilk növbədə, bu amillərlə bağlıdır. Heydər Əliyevin siyasi fəaliyyətində və dövlət idarəçiliyində uğurları zəngin şəxsi təcrübəyə əsaslanırdı", - Mehdiyev məruzəsində bildirib.

Mehdiyev vurğulayıb ki, Azərbaycan xalqı sınaqlarla dolu, təlatümlü mərhələlərdən keçməli olub.

"Ötən əsrin 90-cı illərində müstəqilliyini yeni əldə etmiş Azərbaycanda baş verən siyasi böhran, Ermənistanın təcavüzü ölkədə ciddi problemlər yaratdı. Mövcud hakimiyyət bu böhranı aradan qaldırmaq iqtidarında deyildi. Ölkə xaosun içində, özbaşına buraxılmışdı. Azərbaycan unitar dövlət quruluşunu, müstəqilliyini itirmə təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı məhz belə təlatümlü dövrə təsadüf edirdi", - Prezident Administrasiyasının rəhbəri məruzəsində qeyd edib.

Mehdiyevin sözlərinə görə, ancaq öz taleyinə sahib olmaq kimi milli ideyanın formalaşması Azərbaycanda asan baş vermədi.

"Azərbaycan bu təlatümlü mərhələdən keçdi. Müstəqilliyin ilk illərində Ermənistanın hərbi aqressiyası, Dağlıq Qarabağda erməni separatizmi, daxili ictimai-siyasi həyatda baş verən böhran ölkəni iflic vəziyyətinə salmışdı. Həmin vaxt hakimiyyətdə olan qüvvələr ölkədə baş qaldırmış vətəndaş qarşıdurmasının və etnik separatizmin qarşısının alınması iqtidarında deyildilər. Həmin hakimiyyətin yanlış və səriştəsiz siyasəti nəticəsində Azərbaycanın dövlətçiliyi sarsıdılmışdı. İctimai-siyasi, mənəvi böhran unitar dövlətin, milli müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin hakimiyyətinin ilk illəri çarəsiz Azərbaycanın bir vaxtına təsadüf edirdi. 70-80-ci illərdə Heydər Əliyevin sayəsində yaradılmış abad Azərbaycandan acınacaqlı bir miras qalmışdı", - Mehdiyev çıxışında söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın suverenliyinin qorunub saxlanılması, uğurlu daxili və xarici siyasətin aparılması ölkənin beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, investisiyaların cəlbinə də şərait yaratdı. Beynəlxalq güclərin regionda kəsişən maraqlarının uzlaşdırılması Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün oldu.

Mehdiyev vurğulayıb ki, ölkəmizin ötən il BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin bir müddət öncə Meksikada keçirilən "Böyük 20-liy"in görüşündə 10 ölkədən biri və MDB məkanında yeganə dövlət olması ölkəmizin diplomatik siyasi qələbəsini və onun uğurlarının dünya tərəfindən etiraf olunmasını göstərir.

Mehdiyev qeyd edib ki, "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyasının bu ilin sonuna qədər hazırlanması nəzərdə tutulur.

"Burada ölkənin keçdiyi yol, bu illər ərzində uğurları, son illər rellaşdırılan modern dövlət quruculuğu modeli öz əksini tapacaq", - o əlavə edib.

Mehdiyev çıxışında xatırladıb ki, ötən 8 ildə ölkədə 40 mindən artıq müəssisə yaradılıb, 1 milyona yaxın iş yeri açılıb. Büdcə xərcləri 12 dəfə artıb, ölkə iqtisadiyyatına 80 mlrd. dollardan artıq investisiya yatırılıb. Dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 mlrd. dollar təşkil edib. Bu uğurun nəticəsi olaraq 2008-2009-cu illərin qlobal maliyyə böhranı Azərbaycandan yan keçib.

Prezident Administrasiyası rəhbərinin sözlərinə görə, Azərbaycan artıq dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanınır.

"Bu gün sürətlə dəyişən, qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir. Bütün bunlar mili inkişaf üçün yeni konsepsiyanın yaradılmasını qarşıya məqsəd qoyur. Azərbaycanın 2020-ci ilədək dövrü əhatə edəcək inkişaf konsepsiyası bu baxımdan mühüm sənəddir. Konsepsiyanın başlıca məqsədi dünyada baş verən maliyyə-iqtisadi böhran, qlobal dəyişikliklər fonunda Azərbaycanın mili maraqlarını qorumaqdır. Azərbaycanın 2020-ci il konsepsiyası üzərində iş gedir. Dövlət qurumları, vətəndaş cəmiyyəti prosesə cəlb olunub. Konsepsiyanın əhatə edəcəyi 8 ildə Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin artırılması nəzərdə tutulur. Azərbaycanın beynəlxalq siyasi səviyyədə fəaliyyətinin gücləndirilməsi, ərazi bütövlüyünün təmini, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-dövlət sektorunun inkişafı, iqtisadiyyatda təbii ehtiyatlar amilinin azaldılması, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, humanitar, mədəniyyət, idman və s. sahələrdə tədbirlərin həyata keçirilməsi konsepsiyada öz əksini tapacaq", - Mehdiyev çxışında deyib.

Mehdiyevin sözlərinə görə, Azərbaycan BMT-nin yüksək inkişaf edən ölkələr kateqoriyasına daxil edilib. Əgər Azərbaycan bir neçə il öncə 169 ölkə arasında bu məsələdə 101-ci yeri tuturdusa, indi 68-ci yerdədir. Bununla yanaşı, iqtisadi inkişaf rəqabətinə görə Azərbaycan MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yeri tutur. Bu gün Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlıqda ən etibarlı tərəfdaş kimi qəbul edilməkdədir. Azərbaycan dünyanın enerji təhlükəsizliyinə töhfə verən söz sahiblərindən birinə çevrilib.

Qeyd edək ki, konfransdan öncə YAP rəhbərliyi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Xəbər lenti

Xəbər lenti