Azərbaycan, Bakı, 13 may /Trend/
Şənbə günü Ankarada Rəsm və Heykəl Muzeyinin böyük konfrans zalında Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatı TÜRKSOY tərəfindən Əhməd Cavadın 120-ci doğum günü münasibətilə geniştərkibli tədbir təşkil olunmuşdur. Bunu Trend-ə Azərbaycanın Türkiyədəkı səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirib.
Tədbirdə, Səfirliyimizin əməkdaşları, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günay başda olmaqla Nazirliyin yüksək vəzifəli rəsmiləri, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Azərbaycan Yazıçılar İttifaqının Sədri Anar Rzayev, Əhməd Сavadın nəvəsi Anar Axundzadə, çox sayda elm və incəsənət xadimləri, ictimaiyyət və diaspor nümayəndələri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbir, Əhməd Cavadın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamışdır.
Ardından Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən geniş sənədli film nümayiş etdirilmişdir.
Sonra açılış nitqi üçün söz TÜRKSOY-un Baş Katibi Düsen Kaseinova verilmişdir.
Daha sonra çıxış etməsi üçün Səfir Faiq Bağırov kürsüyə dəvət olunmuşdur. Səfir öz çıxışında, tədbir iştirakçılarını salamlamış, Əhməd Cavadın həyat və yaradıcılığının əhmiyyətindən söz açmış, Türkiyə və Azərbaycanın iki qardaş ölkə olmasının bariz nümunəsi kimi əvəzedilməz sənətkar Əhməd Cavadın Türkiyədəki həyatından örnəklər dilə gətirmişdir.
Ardından çıxış etməsi üçün söz Türkiyə Respublikasının Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günaya verilmişdir. Nazir öz çıxışında Əhməd Cavadın Türk Dünyası üçün böyük əhəmiyyət daşıyan bir sənətkar olduğundan, zülmə məruz qalmasına baxmayaraq öz əqidəsindən əsla dönmədiyindən və əyilməzliyi ilə bizlərə örnək olduğundan bəhs etmişdir.
Sonra Əhməd Cavadın həyat və yaradıcılığının elmi çərçivədə tədbir iştirakçılarına anladılması üçün konfrans başlamışdır. Konfransda çıxış edən, Azərbaycan Yazıçılar İttifaqının Sədri Anar Rzayev, Əhməd cavadın nəvəsi Anar Axundzadə, Cəlal Bayar Universitetinin müəllimi İrfan Murad Yıldırım və Avrasiya Yazıçılar İttifaqının Sədri Yaqub Öməroğlu dahi şairin həyatından və yaradıcılığından geniş və əsaslı şəkildə bəhs etmişlər.
Tədbir Azərbaycanın dövlət sənətçisi Azərinin Əhməd Cavadın şerlərini səsləndirməsi və mahnılar ifa etməsi ilə davam etmişdir.
Tədbirin sonunda Azərbaycan Yazıçılar İttifaqının Sədri Anar Rzayevə, Əhməd cavadın nəvəsi Anar Axundzadəyə və sənətçi Azərinə plaketlər təqdim olunmuşdur.