Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Tarıverdiyeva/
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin Trend-ə müsahibəsi
- Son dövrlər Azərbaycanın xarici siyasətində Qoşulmama Hərəkatı istiqamətində bir canlanma hiss olunur. Bu nə ilə əlaqəlidir?
- Ölkəmizin xarici siyasətinin bütün digər addımları kimi 120 üzv dövləti özündə birləşdirən bu mötəbər quruma qəbul olunmaq ölkəmizin xarici siyasətinin diversifikasiyası çərçivəsində atılan mühüm bir addımdır. İlk növbədə qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərini paylaşır. Qoşulmama Hərəkatı ölkələrin ərazi bütövlüyünə hörmət, bir-birinin ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və daxili işlərinə qarışmamaq öhdəliklərinə əsaslanmaqla beynəlxalq münasibətlərdə ədalətin bərqərar olunmasını qarşısına məqsəd qoymuş bir qurumdur. Bu prinsiplər bizim üçün olduqca önəmlidir və yaxındır. Bundan əlavə, təşkilatın tarixinə nəzər saldıqda görürük ki, üzv dövlətlər bu prinsipləri həmişə ardıcıl olaraq müdafiə ediblər. Ona görə də bu qurum çərçivəsində fəaliyyət Azərbaycanın xarici siyasəti üçün vacib əhəmiyyət kəsb edir.
Təşkilatın ölkəmiz üçün əhəmiyyətindən danışaraq qeyd edilməlidir ki, 100-dən artıq ölkənin üzv olduğu bir qurumda yer almağımız ölkəmizin hazırlıqlı və dünya ictimaiyyətinin etibarlı tərəfdaşı adını qazanmasından xəbər verir. Təşkilatın üzvlüyünə hazırlıq böyük vaxt və zəhmət tələb edir. Bir tərəfdən təşkilatın özü öyrənilməli, digər tərəfdən isə üzv ölkələrlə ikitərəfli münasibətlər yaradılmalı və inkişaf etdirilməlidir. Bundan əlavə, üzvü olduğumuz təşkilatın işinə praktiki töhfə vermək iqtidarında olmaq lazımdır. Sürətlə inkişaf edən Azərbaycan bütün dünya ölkələri ilə də münasibətlərini geniş şəkildə inkişaf etdirib. Qoşulmama Hərəkatına üzvlüyümüz də çox uğurlu bir addım idi.
- Bu yaxınlarda Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində iclası keçirildi. Həmin iclasın yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsi barədə bir bənd qəbul edilib. Bu barədə nə deyə bilərsiniz?
- İlk növbədə qeyd edim ki, Şarm əl-Şeyx Yekun Sənədində bizim üçün böyük əhəmiyyət kəsb edən həmin bəndlə yanaşı, bir sıra digər mühüm məsələlər də əks olunub. Sənəddə beynəlxalq münasibətlərin ədalətə söykənməsinin vacibliyi vurğulanıb və beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunması və qlobal iqtisadi və sosial inkişaf üzrə bir çox əhəmiyyətli müddəalar öz əksini tapıb. Bu məsələlərin müzakirəsinə Azərbaycan yaxından öz töhfəsini verib.
Konkret olaraq, qeyd etdiyiniz suala gəlincə, bəli, Şarm əl-Şeyx Yekun Sənədinin 382-ci bəndi Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilib. Qeyd edilən bənd bizim üçün çox vacibdir. Azərbaycan öz timsalında bir daha əmin oldu ki, üzv olan dövlətlər Hərəkatın məqsəd və prinsiplərinə doğrudan da sadiqdirlər. Həmin bəndin mahiyyətinə gəlincə isə, qeyd edək ki, ilk dəfə 120 ölkə münaqişənin məhz Ermənistan və Azərbaycan arasında olduğunu açıq şəkildə bəyan etdilər. Ölkələr, həmçinin, münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət etmək, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsinə dəstəklərini bildirdilər. Bununla da üzv dövlətlər açıq mesaj verdilər ki, onlar Ermənistanın bir suveren ölkəyə qarşı etdiyi təcavüzün nəticələri ilə barışmaq fikrində deyillər.
- Həmin bənddə qeyd olunmuş güc tətbiq etməmək prinsipi barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qarşı güc tətbiq edib və hazırda da öz hərbi işğalı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiqini davam etdirir. Ermənistan beynəlxalq aləmin təkidli çağırışlarını qulaqardına vurur və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qarşı güc tətbiqini dayandırmaqdan boyun qaçırır və ümumiyyətlə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini davam etdirir.
Vurğulamaq istərdim ki, BMT Nizamnaməsində, ATƏT-in Helsinki Yekun Aktında, eləcə də Qoşulmama Hərəkatının əsas prinsiplərinin əks olunduğu Bandunq sənədində məhz ölkələrin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliklərinə qarşı güc tətbiq etməyin yolverilməzliyindən söhbət gedir. Bu prinsip bizim üçün çox vacibdir və bütün instansiyalarda bunun müvafiq şəkildə əks olunmasına çalışırıq.
- Qeyd edilən bəndin qəbul olunması ilə bağlı Ermənistan tərəfinin fəaliyyəti barədə nə deyə bilərsiniz?
- İstənilən fəaliyyətin effektivliyi nəticə ilə ölçülür. Ermənistan tərəfinin fəaliyyətinin bizim üçün xüsusi bir çətinlik törətdiyini deyə bilmərəm. Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ üzərində bir neçə ay idi ki Nyu-Yorkda BMT Baş Qərargahında Hərəkatın səfirlər səviyyəsində Əlaqələndirmə Bürosunda iş gedirdi. Qeyd edilən bəndi Azərbaycan təklif etmişdi. Ermənistan həmin bənddən "Ermənistan və Azərbaycan arasında münaqişə" ifadəsinin "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi ilə əvəz olunması və münaqişənin həllinin əsaslanmalı olduğu prinsiplər sırasından ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinin çıxarılması üçün iş aparırdı. Ermənistanın bu işi nə dərəcədə professional aparması ayrı söhbətin mövzusudur. Qoşulmama Hərəkatında müşahidəçi statusuna malik olan Ermənistanın bütün səylərinə baxmayaraq, təklif etdiyimiz bənd heç bir dəyişiklik olmadan Şarm əl-Şeyxdə yekdilliklə qəbul olundu. Bu da təbiidir. Belə ki, Azərbaycan Hərəkatın fəal üzvlərindən biridir. Bundan əlavə, Hərəkat bu ədalətli qərarı ilə öz prinsiplərinə sadiqliyini bir daha ifadə edib. Ermənistan tərəfinə tövsiyəmiz bu olardı ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğu cəmisi bir il ərzində bu bəndin qəbul edilməsinə necə nail olduğuna təəccüblənmək və müşahidəçi statusunun arxa skamyasından isterik çıxışlar üçün sui-istifadə etmək əvəzinə, gedib BMT Nizamnaməsini və Qoşulmama Hərəkatının məqsəd və prinsiplərini dərindən öyrənsinlər və ona uyğun hərəkət etsinlər.
- Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində gələcək fəaliyyəti üzrə planları nədən ibarətdir?
- Hərəkata əsas töhfəmizin ilk növbədə üzv ölkələrlə praktiki əməkdaşlığın dərinləşdirilməsindən keçdiyini hesab edirik. Azərbaycan Hərəkata üzv olan çoxlu sayda ölkə ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Bir çox üzv dövlət üçün inkişaf yardımı ilə bağlı proqramlar həyata keçiririk. Bundan əlavə, Azərbaycan Hərəkat daxilində siyasi məsləhətləşmələrə öz töhfəsini verməkdə davam edəcək.