...

DİN AXCP sədri Əli Kərimlinin polisə çağırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Siyasət Materials 26 May 2012 13:11 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin polisə çağırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
DİN AXCP sədri Əli Kərimlinin polisə çağırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin polisə çağırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Trend-in sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov deyib ki, dünən şəhərin mərkəzində, Milli Parka yaxın ərazidə ictimai qaydanı və asayişi kobud şəkildə pozmağa cəhd edən və polis tərəfindən saxlanılan şəxslərdən bir neçəsi öz izahatlarında onları bu işə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin təhrik etdiyini bildirib.

"Buna görə Əli Kərimlinin özünün də polisə çağırılaraq izahat verməsi zərurəti yaranıb. Əli Kərimli telefon zənglərinə cavab vermədiyinə görə, iki polis əməkdaşı dünən axşam saatlarında onun yaşadığı ünvana gedərək çağırış vərəqəsi təqdim etmək istəyiblər. Lakin mənzilin qapısını heç kim açmayıb. Bu gün səhər saatlarında iki polis əməkdaşı yenidən bir neçə dəfə həmin ünvana baş çəkib, nəhayət saat 09:40 radələrində çağırış vərəqəsini ona təqdim ediblər", - Gözəlov əlavə edib.

Mətbuat katibinin sözlərinə görə, lakin AXCP sədri dövlət hakimiyyətinin nümayəndəsi olan polis əməkdaşının vətəndaşın yaşadığı ünvana gedərək çağırış vərəqəsini təqdim etməsi kimi ən adi prosedur qaydası ətrafında da süni ajiotaj yaratmağa, guya 8 polis əməkdaşının onun evinə basqın etməsi barədə yersiz hay-küy salmağa çalışıb.

"Əli Kərimlinin bu hərəkəti məsələni siyasiləşdirmək və Azərbaycanda olan xarici jurnalistlərin diqqətini özünə cəlb etmək cəhdindən başqa bir şey deyil. Hazırda Əli Kərimli izahat vermək üçün Bakı Şəhər Baş Polis İdarəsindədir", - Gözəlov bildirib.

Xəbər lenti

Xəbər lenti