Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir E.Əliyev/
ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun həmsədrləri Bil Şuster və Den Boren 28 May - Respublika Günü münasibətilə bəyanatlar veriblər. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Bəyanatlarda Azərbaycan və ABŞ arasında möhkəm tərəfdaşlığın vacibliyi vurğulanıb, habelə Azərbaycanın qlobal enerji təhlükəsizliyi və beynəlxalq terrorizmlə mübarizəyə ciddi töhfə verdiyi qeyd edilib. Konqres üzvləri Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı layihələrinin əhəmiyyətini xüsusi qeyd ediblər.
Eyni zamanda, konqresmenlər öz bəyanatlarında Azərbaycanın dünyəvi və tolerant bir müsəlman ölkəsi olaraq, çox uğurlu model ortaya qoyduğunu bildiriblər.