...

Siyavuş Novruzov: Müsavat oxumaq, oynamaq istəyirsə, "Bakı Kristal Zalı"na gedə bilər

Siyasət Materials 22 İyun 2012 15:51 (UTC +04:00)
Azərbaycanın millət vəkili Müsavat Partiyasının qurultayının keçirilməməsini partiyanın özünün problemi ilə əlaqələndirib.
Siyavuş Novruzov: Müsavat oxumaq, oynamaq istəyirsə, "Bakı Kristal Zalı"na gedə bilər

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın millət vəkili Müsavat Partiyasının qurultayının keçirilməməsini partiyanın özünün problemi ilə əlaqələndirib.

"Müsavat Partiyasının qurultay keçirməsi üçün yer müəyyənləşdirilib, sadəcə olaraq Müsavat qurultayını keçirtmək istəmir. Çünki qurultay keçiriləndə orada onların böyük problemləri olacaq", - bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, partiyada sədrliklə bağlı problem var və ona görə də deyirlər ki, qurultayı Gürcüstanda keçirdəcəyik, bir azdan da deyəcəklər ki, ya Rusiyada, ya da İranda keçirdəcəyik.

Novruzov qeyd edib ki, onlar müxtəlif bəhanələrlə öz qurultaylarını keçirtmək istəmirlər, çünki qurultay keçiriləndə orada sədrlik məsələsi ortaya çıxacaq.

"Müsavatın böyük əksəriyyəti bu gün bilir ki, İsa Qəmbər Müsavatı geri aparır, nəinki irəli. Bu baxımdan da onun istefa məsələsi var və alternativ namizədlər var. Buna görə də müxtəlif bəhanələr gətirərək öz qurultaylarını 2013-cü ilin prezident seçkilərinədək keçirtməyəcəklər", - millət vəkili deyib.

"Bakı Kristal Zalı"nın icarə haqqı ödənilməklə Müsavat Partiyasının qurultay keçirməsi üçün veriləcəyi barədə məlumata münasibət bildirən Novruzov qeyd edib ki, bu zal o cür tədbirlər üçün nəzərdə tutulmayıb.

"Birincisi, "Bakı Kristal Zalı"nda 23 mindən çox yer var. Müsavat yox, bütövlükdə müxalifətin bir hissəsi yığışanda 700-dən artıq adam olmur. Ona görə də çox gülünc görünəcək ki, bir ovuc adam gedib orada qurultay keçirir. İkinci bir tərəfdən, bilirsiniz ki, onun icarə haqqı var və bunun ödənilməsi tələb olunur. Üçüncüsü, "Bakı Kristal Zalı" digər şoular üçün nəzərdə tutulub. Əgər oxumaq, oynamaq istəsələr, ora gedə bilərlər", - YAP-ın icra katibinin müavini deyib.

Onun sözlərinə görə, qalan hallarda qurultayın keçirilməsi üçün yer müəyyənləşdirilib və onlara verilib. Sadəcə olaraq, Müsavat Partiyası qurultay keçirtmək istəmir.

Xəbər lenti

Xəbər lenti