...

İlham Əliyev Kolumbiya Senatının komitə sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 2 İyul 2012 17:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Kolumbiya Senatının komitə sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı xanım Aleksandra Moreno Piraquivenin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin güclü tərəfdaşlıq əlaqələrinə çevrildiyini məmnunluqla qeyd etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin razılıq doğurduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin iqtisadi sahədə əməkdaşlığın inkişafı işinə kömək edəcəyinə ümidvar olduğunu bildirdi. İkitərəfli münasibətlərin genişlənməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gələcəkdə də davam etdirəcəyinə əminliyini ifadə etdi. Kolumbiya Parlamentinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı ilə bağlı qəbul etdiyi qərarın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı qəbul olunan qərara və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı tutduğu ədalətli mövqeyə görə Kolumbiya dövlətinə və xalqına, Kolumbiya parlamentinə və şəxsən xanım Aleksandra Moreno Piraquiveyə minnətdarlığını bildirdi.

Kolumbiya Senatının komitə sədri xanım Aleksandra Moreno Piraquive Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. O, ölkəsinin Azərbaycanda baş verən inkişaf proseslərini yaxından izlədiyini dedi. Kolumbiyalı qonaq ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu dedi. Kolumbiyanın iqtisadi inkişafı, investisiya imkanlarından danışan xanım Aleksandra Moreno Piraquive ölkələrimiz arasında mövcud dostluq əlaqələrini siyasi, iqtisadi, mədəni və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd etdi.

Azərbaycan xalqının böyük tarixə, zəngin mədəniyyətə malik olan Kolumbiya xalqına dost münasibət bəslədiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri iqtisadi və mədəni əməkdaşlıq sahələrində daha da möhkəmləndirməyin zəruriliyini qeyd etdi. Kolumbiyada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasından sonra ikitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev əlaqələrimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə xanım Aleksandra Moreno Piraquivenin Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görüldüyünü dedi və mükafatı qonağa təqdim etdi.

Xanım Aleksandra Moreno Pirquive Azərbaycanın yüksək mükafatına layiq görüldüyünə görə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti