...

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub

Siyasət Materials 3 İyul 2012 21:06 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyində çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub.
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir M.Əliyev/

ABŞ-ın Azərbaycandakı səfirliyində çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanla ABŞ arasındakı əlaqələr 2012-ci ildə iqtisadi sahədə inkişaf etdirilib.

"Cari ildə iki dövlət arasında yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub. ABŞ-Azərbaycan əlaqələri gündən-günə genişlənir. Azərbaycan ABŞ ilə münasibətlərini daim diqqət mərkəzində saxlayır və bu əlaqələr strateji əhəmiyyət daşıyır", - o deyib.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq çıxışında bildirib ki, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq edilmiş Riçard Morninqstar öz yeni vəzifəsinin icrasına başlamağı səbirsizliklə gözləyir.

O qeyd edib ki, ABŞ Azərbaycanla terrorizmə qarşı birgə mübarizə aparmaq üçün sıx əməkdaşlıq edir.

Onun sözlərinə görə, Azərbaycanla dünya ölkələri arasında dialoq hazırda həmişəkindən daha güclüdür.

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında mühüm rol oynayır", - Sterlinq deyib.

Xəbər lenti

Xəbər lenti