...

Özbəkistan Mərkəzi Asiyada ABŞ-ın əsas müttəfiqinə çevrilir

Siyasət Materials 5 İyul 2012 09:00 (UTC +04:00)
Özbəkistan yaxın vaxtlarda ABŞ Dövlət Departamentinin və Konqresin nümayəndələrindən ibarət böyük bir heyətin gəlişini gözləyir.
Özbəkistan Mərkəzi Asiyada ABŞ-ın əsas müttəfiqinə çevrilir

Arzu Nağıyev - Trend-in icmalçısı

Özbəkistan yaxın vaxtlarda ABŞ Dövlət Departamentinin və Konqresin nümayəndələrindən ibarət böyük bir heyətin gəlişini gözləyir.

ABŞ dövlət katibi Hillari Klintonun Özbəkistana iki uğurlu səfəri və Özbəkistan parlamentinin nümayəndə heyətinin ABŞ-a səfəri yerli mediada mütəmadi olaraq işıqlandırılır.

Bu ay Özbəkistanda yeni "General Motors" zavodunun açılış mərasimi keçirilib. Keçən ay Daşkənd hava limanında "Boeing Dreamliner" tipli yeni model təyyarənin yerə enməsi isə ABŞ və Özbəkistan arasında iqtisadi və hətta qlobal hava yollarının genişləndirilməsi üçün böyük potensialın olduğunun nümayiş etdirilməsidir.

Bütün bu proseslər niyə indi baş verir? Ehtimal etmək olar ki, Daşkənddə keçiriləcək ABŞ hərbi və diplomatik rəhbərliyi ilə görüşdə Əfqanıstandakı əməliyyatlar, İran və ölkə ərazisində hərbi bazaların yaradılması məsələləri müzakirə ediləcək.

ABŞ Özbəkistanla ölkənin strateji və geosiyasi mövqeyinə görə hərbi əməkdaşlığa çoxdan can atırdı. Buna və ölkədə ABŞ bazalarının yaradılmasına mane ola biləcək amillərdən başlıcası isə Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi nizamnamə öhdəliyi idi.

ABŞ "tranzit məntəqəsi" və ya ötürücü bazanın yaradılması üçün ikitərəfli münasibətlər formatı çərçivəsində Daşkəndə bu ittifaqdan çıxmağı dəfələrlə təklif edib və bu gün vəziyyətin kəskin şəkildə dəyişdirilməsinə nail olub. Artıq iyun ayının sonunda Daşkənd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyinə rəsmi müraciət edərək Özbəkistan hökumətinin KTMT-də iştirakının dayandırılması qərarına gəldiyini bildirib. Açıqlamalarında isə səbəb kimi Əfqanıstan istiqamətində ikitərəfli münasibətlərə üstünlük verdikləri və KTMT dövlətlərinin hərbi sahədə əməkdaşlıq planlarının Özbəkistanı təmin etmədiyi göstərilir.

Əvvəllər də qeyd edildiyi kimi, Əfqanıstandan ABŞ qoşunları çıxarkən Özbəkistan hərbi bazasında "ləngimək" fərziyyəsi var. Məlumdur ki, Pentaqon Özbəkistan, Qırğızıstan və Tacikistanla danışıqlarda Əfqanıstandan NATO qoşunlarının 2014-cü ildə çıxarılmasından sonra hərbi texnikanın bir hissəsinin həmin ölkələrdə qalması təklifini irəli sürür və ideal seçim kimi Mərkəzi Asiyadakı hərbi bazalardan istifadəni görür. Buna görə də ABŞ ilə razılığa gələn Özbəkistan öz ərazisində bağlanmış hərbi bazanın yenidən açılmasına nail olacağını düşünür.

KTMT çərçivəsində bu məsələni reallığa çevirmək üçün müttəfiqlərin razılığı zəruri idi, indiki şəraitdə isə buna lüzum qalmır və yəqin ki, ABŞ Özbəkistanı öz strateji tərəfdarları siyahısına salaraq üzərinə bir sıra təhlükəsizlik təminatları götürməklə maddi və hərbi yardımlar edəcək. Deməli, Özbəkistan regionda ABŞ-ın əsas müttəfiqi və bazasına çevriləcək.

Beləliklə, Daşkəndin apardığı xəttin məntiqi nəticəsini yaxın gələcəkdə bu və ya başqa formada Vaşinqton və Moskva arasında seçim etməklə Düşənbə və Bişkək də təkrarlayaraq öz planlarına aydınlıq gətirəcəklər.

Rusiya müasir şəraitdə Çin və ABŞ-ın Mərkəzi Asiyadakı təsir dairəsini azaltmağa cəhd göstərsə də, regionda sistemli və ardıcıl siyasət aparmağa qadir deyil. Səbəb isə Rusiyanın Qafqazda və Mərkəzi Asiyada üzərinə götürdüyü öhdəlikləri özünəməxsus tərzdə həyata keçirə bilməməsi və regiondakı nüfuzunun zəifləməsidir.

Xəbər lenti

Xəbər lenti