...

Herman Van Rompuy: Avropa İttifaqının və regionun sabit, tolerant və müasirləşməyə sadiq Azərbaycana ehtiyacı var

Siyasət Materials 5 İyul 2012 22:37 (UTC +04:00)
Azərbaycana ilk dəfə və ölkənizin dinamik inkişaf etdiyi dövrdə səfərimdən məmnunam. Buraya qısa müddətə gəlsəm də, artıq sürətli müasirləşmənin bir çox əlamətlərini görmüşəm.
Herman Van Rompuy: Avropa İttifaqının və regionun sabit, tolerant və müasirləşməyə sadiq Azərbaycana ehtiyacı var

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycana ilk dəfə və ölkənizin dinamik inkişaf etdiyi dövrdə səfərimdən məmnunam. Buraya qısa müddətə gəlsəm də, artıq sürətli müasirləşmənin bir çox əlamətlərini görmüşəm. Bu baxımdan, mən Sizi və Azərbaycan xalqını may ayında "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etməyiniz münasibətilə təbrik etmək istərdim. Avropada ən çox baxılan tədbirlərdən biri olan bu müsabiqə Azərbaycanı geniş Avropa ictimaiyyətinə aydın şəkildə yaxınlaşdırdı. Trend-in məlumatına görə, bunu Bakıda iyulun 5-də mətbuat qarşısında bəyanatla çıxışında Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy deyib.

"İlk görüşümüz mənim Belçikanın Baş naziri olduğum vaxta təsadüf edib. Mənim Avropa İttifaqı Şurasının prezidenti qismində Bakıya səfərim bundan əvvəl Astana, Brüssel və Varşavada keçirdiyimiz görüşlərin nəinki davamı, həm də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələri bir daha nümayiş etdirmək üçün bir imkandır. Bu gün biz səmərəli müzakirələr apardıq. Bir çox ikitərəfli və regional məsələləri müzakirə etdik.

Mən üç məsələni qeyd etmək istərdim. Birincisi, icazə verin vurğulayım ki, biz Avropa İttifaqı-Azərbaycan əlaqələrini və əməkdaşlığımızın nəticəsində əldə etdiyimiz faydanı yüksək qiymətləndiririk. Biz keçmişdəki nailiyyətlərimizə əsaslanaraq birlikdə gələcək potensialdan istifadə etməyə çalışmalıyıq. Fikrimcə, bu, Avropa İttifaqının, Azərbaycanın və bütün regionun maraqlarına xidmət edir", - Herman Van Rompuy bildirib.

Onun sözlərinə görə, müxtəlif sahələrdə əlaqələrimizin intensivləşməsini müşahidə edirik.

"Bütün səviyyələrdə ikitərəfli siyasi əlaqələrimiz, həmçinin insanlar ilə işgüzar dairələr arasında əlaqələr də intensivləşir. Biz bir çox əhəmiyyətli beynəlxalq məsələlərdə Sizin dəstəyinizi yüksək qiymətləndiririk. Enerji əməkdaşlığımızın ikitərəfli əlaqələrimizin mühüm müsbət ölçüsü kimi sürətlə inkişaf edir. "Cənub" qaz dəhlizi və "Transxəzər" kəməri ilə bağlı davam edən danışıqlar Azərbaycan və Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Mən bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında Transanadolu kəməri ilə bağlı əldə olunan anlaşmanın rəsmiləşdirilməsini alqışlayıram. Bu, "Cənub" qaz dəhlizinin həyata keçirilməsi istiqamətində Azərbaycanın və bizim öhdəliyimizi daha da möhkəmləndirir. Bununla belə, əlaqələrimizi daha da genişləndirmək və şaxələndirmək üçün hələ də böyük potensial vardır. Daha çox iş görülə bilər və görülməlidir. Biz xüsusilə yeni assosiativ saziş, o cümlədən ticarət və investisiyalarla bağlı danışıqlarda irəliləyiş əldə etməliyik.

Cənab Prezident, Sizi "Şərq tərəfdaşlığı"nın Azərbaycan üçün nəzərdə tutduğu imkanlardan daha yaxşı istifadə etməyə dəvət edirəm. Varşava sammitindən sonra biz əhəmiyyətli irəliləyiş əldə etmişik. Biz "Şərq tərəfdaşlığı"nın 2013-cü ildə Vilnüsdə keçiriləcək növbəti sammitinin "Yol xəritəsi"ndə nəzərdə tutulmuş hədəflərə çatmaq üçün doğru yoldayıq", - avropalı diplomat deyib.

Aİ Şurasının prezidenti hesab edir ki, Azərbaycan dünyəvi cəmiyyətdir.

"Azərbaycan Prezidentinin müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması prinsipinə sadiqliyi müasir dünyada çox mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının və regionun sabit, mütərəqqi və tolerant, demokratik islahatlara və müasirləşməyə sadiq Azərbaycana ehtiyacı vardır. Mən inkişaf edən vətəndaş cəmiyyətinin vacibliyini Prezident İlham Əliyevin diqqətinə çatdırdım. Bu, bizim tariximizdə inkişafa zəmin yaradan əsas amil olub. Bu, Azərbaycanda da belə ola bilər. Eyni zamanda, islahatların aparılması və davam etdirilməsi, insan haqlarının təşviqi Azərbaycanın uzunmüddətli müvəffəqiyyətini və çiçəklənməsini artıracaqdır. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gücləndirilməsi üçün vacibdir.

Bu baxımdan, mən 2011-ci il aprelin 2-də keçirilmiş aksiya zamanı həbs olunmuş doqquz nəfərin ötən həftə azadlığa buraxılmasını alqışlayıram. Bu, vətəndaş və siyasi hüquqların təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən atılmış müsbət bir addımdır. Lakin buna baxmayaraq, daha çox addım atılmalıdır", - o deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə edilməsi əsas prioritet olaraq qalmalıdır.

"Həll yolu tapılmadan keçən hər gün bizim hamımız üçün itirilmiş imkandır. Münaqişənin həllinə nail olmaq üçün etimadın yaradılmasına, inam və hörmətə ehtiyac vardır. Dünən Yerevanda verdiyim mesajı eyniliklə bu gün Bakıda təkrar edirəm. Son vaxtlar Ermənistanın və Azərbaycanın sərhədində və qoşunların təmas xəttində baş verən ciddi silahlı insidentlər bizi çox narahat edir, insan itkisi məni çox kədərləndirir. Hərbi güc münaqişəni həll etməyəcəkdir. Münaqişənin yalnız sülh, danışıqlar yolu ilə həlli bütün regionda status-kvonu təhlükəsiz və çiçəklənən gələcəyə doğru dəyişməyə imkan verə bilər. Əgər təhlükəsiz və sabit regional mühit yaradılsa, bu, hamının xeyrinə olacaqdır.

Mən bir müddət əvvəl Avropa İttifaqının və bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin Meksikanın Los Kabos şəhərində "İyirmiliyin" sammitində verdiyi bəyanatları təkrarlayıram: Həm Azərbaycan, həm də Ermənistan münaqişənin Madrid prinsipləri əsasında davamlı və sülh yolu ilə həllinə nail olmaq üçün qərar qəbul etməlidirlər. Hər iki ölkənin prezidentləri ATƏT-in Minsk qrupu çərçivəsində götürdüyü öhdəlikləri tam həyata keçirməlidir. Hər iki tərəf atəşkəsə əməl etməli, təmkin nümayiş etdirməli, rəsmi bəyanatlarda düşmənçilik ritorikasından çəkinməlidir. Avropa İttifaqı etimad yaradılmasına və barışığa yönəlmiş səyləri dəstəkləməyə hazırdır. Bizim bunu etməyə imkanlarımız və təcrübəmiz vardır. Səfir Lefortun Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə yeni xüsusi nümayəndəsi təyin olunması Avropa İttifaqının münaqişənin həllinə artan sadiqliyini və həll paketinin bütün aspektlərinə töhfəsini nümayiş etdirir", - Aİ Şurasının prezidenti çıxışında söyləyib.

Xəbər lenti

Xəbər lenti