...

YAP üzvlərinin sayı xeyli artıb

Siyasət Materials 6 Avqust 2012 17:07 (UTC +04:00)
2012-ci ilin birinci yarısında hakim Yeni Azərbaycan Partiyasına (YAP) 20.559 nəfər üzv qəbul edilib.
YAP üzvlərinin sayı xeyli artıb

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir E.Mehdiyev/

2012-ci ilin birinci yarısında hakim Yeni Azərbaycan Partiyasına (YAP) 20.559 nəfər üzv qəbul edilib.

Trend YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.

İyulun 1-i 2012-ci ilə olan məlumata görə, YAP üzvlərinin sayı 575.591 nəfər olub.

Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı ideyasını əsas götürməsi, təbliğ etməsi cəmiyyətimizin hər bir üzvündə bu ideyanın daşıyıcısı olmaq arzusu yaradıb. Elə bunun nəticəsidir ki, bu ilin ilk altı ayı ərzində YAP-a üzv olanların sayı 20.559 nəfər olub.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyət arasındakı nüfuzu gündən-günə artmaqdadır.

Yeni Azərbaycan Partiyasının, ideyalarını fəaliyyət proqramı kimi qəbul etdiyi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirməsi, həmçinin, partiyanın sədri, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsi, Azərbaycanı modern dövlətə çevirməsi insanların bu partiyaya olan inamını daha da möhkəmləndirib.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, sosiumun aparıcı kreativ və intellektual kəsimi olan gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi, onun tərəfdarlarının sayının dəfələrlə artmasına səbəb olub.

Məhz bunun nəticəsidir ki, müvafiq dövrdə partiya sıralarına qəbul olunanların 11 mindən çoxu (ötən ilin müvafiq dövründə bu rəqəm 9924 olub), yəni 53,5 faizi gənclər olub.

Təbii ki, bu cür artım bir daha insanların Yeni Azərbaycan Partiyasına, onun sədrinə inandığını və onu dəstəklədiyini sübut edir. Şübhə yoxdur ki, partiyanın sıraları dövlətçiliklə bağlı olan insanların hesabına bundan sonra daha da genişlənəcək və cəmiyyətimiz ölkəmizin inkişafı prosesində YAP ilə birgə addımlayacaq.

Xəbər lenti

Xəbər lenti