...

Azərbaycan Ukraynada "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçirilən beynəlxalq forumda təmsil olunub (FOTO)

Siyasət Materials 11 Sentyabr 2012 16:29 (UTC +04:00)
İqtisadi qüdrətinə görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycan "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələr arasında da ən əhəmiyyətli mövqeyə malik olan dövlətdir.
Azərbaycan Ukraynada "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçirilən beynəlxalq forumda təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

İqtisadi qüdrətinə görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycan "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələr arasında da ən əhəmiyyətli mövqeyə malik olan dövlətdir. Ukrayna Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu fikir Ukraynanın Dnepropetrovsk şəhərində "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçirilən beynəlxalq forumda vurğulanıb.

Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Polşa, Rumunya və bir sıra digər Avropa ölkələrinin hökumət və qeyri-hökumət qurumları nümayəndələrinin iştirak etdiyi beynəlxalq forumda Dnepropetrovsk vilayətinin qubernatoru Oleksandr Vilkul, vilayətin Deputatlar Şurasının sədri Yevgeni Udod çıxış edərək 2009-cu ildə Praqada təsis olunmuş "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində indiyədək həyata keçirilmiş iqtisadi, siyasi, mədəni layihələrin səmərəli effekt verdiyini bildiriblər. Qeyd olunub ki, beynəlxalq forumun keçirilməsində əsas məqsəd "Şərq tərəfdaşlığı" ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsini, regionlararası əlaqələrin daha da inkişaf etdirilməsini, hökumət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın möhkəmləndirilməsini və birgə layihələrin həyata keçirilməsini intensivləşdirməkdən ibarətdir.

Forumda çıxış edən Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Cənubi Qafqazda anoloqu olmayan qlobal iqtisadi layihələr həyata keçirməklə bölgənin lider dövlətinə çevrilən Azərbaycanın Avropaya inteqrasiya siyasətində də inamlı addımlar atdığını vurğulayıb. Azərbaycanla Ukraynanın bir çox sahələrlə yanaşı, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdıran Konqresin sədri bu gün beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan ölkələrimiz arasında iqtisadi, ticari, elmi, mədəni münasibətlərin daha da inkişaf etdirilməsi üçün Ukraynada yaşayan soydaşlarımızın əllərindən gələni etməyə hazır olduqlarını bildirib.

Beynəlxalq forumda "Şərq tərəfdaşlığı" proqramı ölkələri arasında əməkdaşlığın siyasi, iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Forumdan sonra Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Dnepropetrovsk vilayətinin qubernatoru Oleksandr Vilkul və vilayətin Deputatlar Şurasının sədri Yevgeni Udodla görüşərək, Dnepropetrovsk şəhərinin yaranmasının 236 illiyi münasibətilə təbriklərini çatdırıb. Vilayətdə Azərbaycan diasporunun fəaliyyətindən məmnunluqla söz açan Vilkul və Udod Ukraynada gələn ay keçiriləcək parlament seçkilərində 92-ci dairədən deputatlığa namizəd olan Rövşən Tağıyevə uğurlar arzulayıblar.

Konqresin sədri daha sonra Dnepropetrovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları və gənclər təşkilatının nümayəndələri ilə görüşərək milli diasporumuzun qarşısında duran vəzifələri müzakirə edib.

Xəbər lenti

Xəbər lenti