...

Azərbaycan Prezidenti Misir, Litva və İranın səfirlərinin etimadnaməsini qəbul edib (FOTO)

Siyasət Materials 14 Oktyabr 2012 16:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Misir, Litva və İranın səfirlərinin etimadnaməsini qəbul edib
Azərbaycan Prezidenti Misir, Litva və İranın səfirlərinin etimadnaməsini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tarek Hosni Ahmed Abu Sennanın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Tarek Hosni Ahmed Abu Sennan etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Misir Ərəb Respublikasının qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu dedi. Xalqlarımız arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu söyləyən dövlət başçısı ikitərəfli münasibətləri siyasi, iqtisadi və digər sahələrdə genişləndirməyin zəruriliyini qeyd etdi və bu işdə misirli diplomata uğurlar arzuladı.

Misirin respublikamızdakı səfiri Tarek Hosni Ahmed Abu Sennan ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirdi və əməkdaşlığın genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.

Daha sonra Prezident İlham Əliyev Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Arturas Jurauskasın etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Arturas Jurauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfir ilə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə qarşılıqlı maraqlar əsasında genişləndiyini vurğuladı. Ölkələrimiz arasında əməkdaşlığın siyasi sahədə uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığın iqtisadi sahədə inkişaf etdirilməsi üçün də böyük imkanların olduğunu qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin gələcəkdə də dinamik şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi və səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskas Azərbaycan kimi dost dövlətdə ölkəsini təmsil etməkdən şərəf duyduğunu dedi. Səfir Litva Respublikasının Prezidenti Dalya Qribauskaytenin salamlarını dövlətimizin başçısına çatdırdı. Arturas Jurauskas ölkəsinin dövlət başçısının Prezdent İlham Əliyevlə görüşünü məmnunluqla xatırladığını vurğuladı.

Dövlətimizin başçısı Prezident Dalya Qribauskaytenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Litva dövlətinin başçısına çatdırmağı xahiş etdi. Litva Respublikasının Prezidenti ilə keçirdiyi görüşü məmnunluqla xatırlayan Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Görüşdə Litvanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına töhfə verəcəyinə əminlik ifadə olundu.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi. Səfir Möhsün Pakayin etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Azərbaycan ilə İran arasında əlaqələrin inkişafına toxunan dövlətimizin başçısı bu əməkldaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejatın bu toplantıda iştirakının önəmini qeyd etdi. İkitərəfli münasibətlərimizin çoxşaxəli olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı səfir Möhsün Pakayinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejatın salamlarını dövlətimizin başçısına çatdırdı. Möhsün Pakayin dedi: "Azərbaycan ilə İran İslam Respublikası arasında dostluq münasibətlərinin qurulmasında ulu öndər Heydər Əliyev çox önəmli rol oynamışdır". Prezident İlham Əliyevə və Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayan səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejatın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti