...

Azərbaycanın BMAT-da daimi nümayəndəsi: Xocalı hava limanının Ermənistan tərəfindən istismar edilməsi niyyəti beynəlxalq hüquqa ziddir

Siyasət Materials 8 Noyabr 2012 03:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi səfir Fərid Şəfiyev çərşənbə günü bu təşkilatın Şurasının iclasında çıxış edib.

Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, çıxış zamanı səfir Fərid Şəfiyev Xocalı hava limanının Ermənistanın işğalçı qüvvələri tərəfindən istismar edilməsi niyyətinə BMAT Şurasının üzvlərinin diqqətini cəlb edib.

Səfir belə bir təxribatın həm beynəlxalq hüquqa zidd olduğunu, həm də bölgədə təhlükəsizlik vəziyyətinə xələl gətirdiyini qeyd edib.

Daha sonra səfir Fərid Şəfiyev qeyd etmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərinin üstündə olan hava məkanı mülki aviasiya uçuşları üçün bağlıdır və hər hansı təyyarənin belə bir zonaya göndərilməsi sərnişinlərin həyatının təhlükə altında qoyulması deməkdir.

Səfir Ermənistanın bu cür məsuliyyətsiz addımlarını kəskin şəkildə tənqid edərək, Azərbaycanın öz hava məkanını beynəlxalq hüquq çərçivəsində, xüsusən Çikaqo Konvensiyasının müvafiq müddəalarına (Maddə 3 bis b) uyğun olaraq qorumaq hüququna malik olduğunu (məsələn, təyyarələrə qarşı tutma əməliyyatının həyata keçirilməsi - interception) diqqətə çatdırmışdır.

Səfir Fərid Şəfiyevin BMAT-ın rəhbərliyi ilə təmasları zamanı Xocalı hava limanı və ümumiyyətlə Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərin üzərində olan hava məkanının Azərbaycanın yurisdiksiyasında olduğu və Azərbaycan hökumətinin icazəsi olmadan digər ölkə tərəfindən hər hansı uçuşların təşkilinin qeyri-qanuniliyi təsdiq edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti