Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Mehdiyev/
Noyabrın 12-də Ermənistanın Fransadakı səfirliyi qarşısında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə etiraz aksiyası keçiriləcək.
Dünya Azərbaycanlı Gənclər Birliyindən (DAGB) Trend-ə verilən məlumata görə, Birliyin təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal şəkildə iştirak etmiş, Xocalı soyqırımının təşkilatçılarından olan Serj Sarkisyanın sivil və demokratik bir ölkə olan Fransaya səfərinə Azərbaycan diasporunun etirazını çatdırmaqdan ibarətdir.
Aksiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş azərbaycanlı şəhidlərin xatirəsi yad ediləcək. Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin regionda sülhə və təhlükəsizliyə təhdid olduğunu, dünya birliyinin münaqişəyə ədalətli qiymət verməsini tələb edən şüarlar səsləndirəcəklər.
Aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Hollandiya-Azərbaycan-Türkiyə Kültür Dərnəyi, Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya-Türk Federasiyası, Fransa Türk Tələbələr Birliyi, Berlin Azərbaycan Evi, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Fransa Azərbaycan Evi, Köln Türk Federasiyası, Strasburq Azərbaycan Tələbələr Birliyi iştirak edəcək.