Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda yeni şəhərlərin yaradılması üçün qanunvericilik sadələşdirilir.
Milli Məclisin Regional Məsələlər komitəsinin üzvü Tahir Rzayev bazar ertəsi Trend-ə bildirib ki, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna təklif olunan dəyişikliklərə görə, yeni yaradılan rayon inzibati ərazi vahidləri onların mərkəzi olan ərazi vahidinin adına, şəhər və şəhər rayonları isə əhatə etdikləri ərazidəki mövcud ərazi vahidlərindən birinin adına uyğun adlandırılacaq.
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna təklif olunan dəyişikliklər əsasən inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və ya adlarının dəyişdirilməsi, eləcə də sərhədlərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlıdır.
Yeni qanunda şəhərlərin yaradılması mexanizmi də sadələşdirilib. Belə ki, bu qanunun qəbulundan sonra bir neçə kənd və ya qəsəbə birləşərək şəhər yarada biləcəklər.
Rzayev bildirib ki, bu məsələ həm tarixi, də həm həmin ərazilərin sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətlidir: "Misal üçün, Dəvəçi rayonunun Şabran adlandırılmasından sonra həmin rayonun ərazisində Dəvəçi adlı bir şəhərin yaradılması da həmin toponimin qorunması baxımından təqdirəlayiq olardı. Digər tərəfdən, kəndlər qəsəbə, qəsəbələr isə şəhər statusu aldıqda həmin ərazi vahidlərinin inkişafı üçün daha çox maliyyə vəsaiti ayrılır. İnzibati ərazi vahidlərinin inkişafı yeni infrastrukturların yaradılması baxımından çox əhəmiyyətlidir".
O qeyd edib ki, Azərbaycanın inkişaf edən sosial-iqtisadi vəziyyəti yeni şəhərlərin yaranmasını şərtləndirir.