...

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri Fövqəladə Hallar Nazirliyinin işindən razı qalıb

Siyasət Materials 30 Noyabr 2012 16:06 (UTC +04:00)
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Horst Monken Fernandesin rəhbərlik etdiyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri Fövqəladə Hallar Nazirliyinin işindən razı qalıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Horst Monken Fernandesin rəhbərlik etdiyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Fövqəladə Hallar Nazirliyinin dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə yaxından əməkdaşlıq etdiyini bildirib, Abşeron yarımadasında ekoloji problemlərin aradan qaldırılması istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərdən bəhs edib.

Hazırlıq işlərinə cari ilin may ayında başlanılmış "Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi" layihəsinin əhəmiyyətindən danışan Heydərov bildirib ki, bu layihə AEBA-nın ekspertlərinin nəzarəti altında, müvafiq təlimatlar və təhlükəsizlik qaydalarına riayət olunmaqla reallaşdırılıb.

Hər iki reabilitasiya olunmuş istehsalat sahəsində eletrifikasiya işləri aparılıb, ərazilərə su xətləri çəkilib, ətrafda yerləşən yaşayış massivlərinin kanalizasiya sistemi inşa edilib. Həmin ərazilərə münbit torpaq daşınıb. Reabilitasiya olunmuş ərazilərdə yeni ekoloji parkların salınması da nəzərdə tutulur.

Nümayəndə heyətinin rəhbəri Horst Monken Fernandes Fövqəladə Hallar Nazirliyi tərəfindən layihənin çox qısa müddətdə yerinə yetirilməsindən məmnunluğunu ifadə edib, layihənin icrasının ilkin qiymətləndirilməsi zamanı ərazidə artıq heç bir radioaktiv maddəyə rast gəlinmədiyini bildirib. O, deyib ki, ərazilərin təmizlənməsi beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilib. Ətraf ərazilərdə yaşayan insanları radiasiyaya məruz qoya biləcək risklərə yol verilməyib. Təmizləmə əməliyyatlarından sonra həmin ərazilərə yenidən baxış keçirilib və görülən işlər müsbət qiymətləndirilib. Demək olar ki, nə Ramana, nə də Suraxanı istehsalat sahələrinin ərazisində radioaktiv çirklənmə mövcud deyil.

Fernandes xüsusi vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin nəzarəti və rəhbərliyi altında həyata keçirilən bu layihə dünya təcrübəsində ikinci, milli şirkət tərəfindən ölkədaxili resurslar hesabına başa çatdırılan birinci layihədir. Bu təcrübənin beynəlxalq aləmdə yayılması olduqca vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti