...

"Manas" qovşaq hava limanı iddiasındadır

Siyasət Materials 7 Dekabr 2012 15:08 (UTC +04:00)
Qırğızıstan rəhbərliyi 2014-ci ildə "Manas" hava limanında yerləşən ABŞ hərbi bazası kimi fəaliyyət göstərən Tranzit Daşımaları Mərkəzinin (TDM) fəaliyyətini dayandırdıqdan sonra onun yerində regional hava limanı qovşağının (ing. - HUB) yaradılacağı haqqında dəfələrlə bəyanat verib.
"Manas" qovşaq hava limanı iddiasındadır

Arzu Nağıyev - Trend-in icmalçısı

Qırğızıstan rəhbərliyi 2014-ci ildə "Manas" hava limanında yerləşən ABŞ hərbi bazası kimi fəaliyyət göstərən Tranzit Daşımaları Mərkəzinin (TDM) fəaliyyətini dayandırdıqdan sonra onun yerində regional hava limanı qovşağının (ing. - HUB) yaradılacağı haqqında dəfələrlə bəyanat verib.

Belə bir qovşaq aviaşirkətlər və onların yaratdıqları ittifaqlar tərəfindən sərnişin və yüklərə xidmət göstərən, eləcə də uçuşları tənzimləyən hava limanı deməkdir.

"Lufthansa Consulting" və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin ekspertləri apardıqları tədqiqatlarda Avropa və Cənub-Şərqi Asiya arasında növbəti onillikdə beynəlxalq yükdaşımaların dəfələrlə artacağı qənaətinə ğəliblər.

Lakin Bişkəkin bəyanatlarına baxmayaraq, onun bu sahədə güclü rəqibləri mövcuddur. Buna misal olaraq, tam şəkildə bərpa edilmiş və Dubay hava limanı qovşağı ilə rəqabətə girə biləcək Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanını göstərmək olar.

Bundan başqa, "Lufthansa Consulting" tərəfindən yenidənqurma layihəsinin hazırlandığı Qazaxıstanın Almatı hava limanı da iddialıdır.

Başqa bir variant kimi Özbəkistanı da göstərmək olar. Belə ki, Daşkənd "Nəvai" hava limanının bir hissəsini cənubi koreyalılara verməklə mini daşınma qovşağına çevirərək, əvəzində lizinqə yeni təyyarələr alıb.

Almatı ilə müqayisədə "Manas"ın hansı üstünlükləri ola bilər?

Hava limanının işində əsas şərtlərdən olan hava şəraitinə görə il ərzində Qırğızıstanda yay uçuş vaxtı daha uzundur. Yanacağın qiymətində də fərq mövcuddur. Belə ki, Qazaxıstanda təyyarələr yanacağın hər tonuna 1200 ABŞ dolları ödəyirsə, Qırğızıstanda bu qiymət 1050 ABŞ dollarıdır. Bundan başqa, kompleksin yenidən qurulması iritonnajlı təyyarələrin yanacaqdoldurma vaxtını iki saatdan qırx dəqiqəyə endirə bilər.

Amerikalılar 2014-ci ildə "Manas"dan çıxmağı planlaşdırırlar. Demək, bu vaxta qədər layihələr hazırlanmalı və sərmayəçilərlə müqavilələr imzalanmalıdır.

Hava limanının "Bişkək" azad iqtisadi zonasında fəaliyyət göstərməsi müsbət hal olsa da, köhnəlmiş təyyarələr, onların təmiri üçün vəsaitin daha çox sərf edilməsi, yanacaq sərfiyyatının artıq olması faktoru rəqabət aparmağa imkan verməyəcək. Mütləq ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələblərinə uyğun olaraq, əməkdaşların yenidən hazırlanması da lazım gələcək.

Ekspertlərin rəyinə əsasən, limanda 300 milyon ABŞ dolları investisiya tələb edən ikinci uçuş-enmə zolağı, yeni sərnişin terminalı, dəmiryol şaxəsi olan yeni yük terminalı və s. inşa edilməli, hava limanının sahəsi 200 hektar artırılmalıdır.

Hazırda "Manas" hava limanı Tranzit Daşımaları Mərkəzinin fəaliyyəti nəticəsində gəlirlə işləyir. Qırğızıstan statistikasına görə, hava limanı il ərzində 1,1 milyon nəfər sərnişin daşıyır. Baza fəaliyyətini dayandırarsa, bu rəqəm 300-400 min nəfər olar və hava limanı il ərzində 7,65 milyon ABŞ dolları zərər gətirər. Müqayisə üçün deyə bilərik ki, Almatı hava limanında ildə 3 milyon sərnişin daşınır.

Layihənin həyata keçirilməsi üçün sərmayə məsələsinə gəldikdə, ekspertlər iki variantın üzərində dayanır TDM-in fəaliyyəti nəticəsində əldə edilən gəlirdən hava limanının infrastrukturlarına transferlər və ya maraqlı ölkələrdən ibarət beynəlxalq konsorsiumun yaradılması. Layihənin həyata keçirilməsi Qırğızıstan üçün ciddi mənfəət vəd edir. Hesablamalara görə, yeni yaradılacaq qovşaq tam gücü ilə işə düşərsə, il ərzində yükdaşımadan 250 milyon, yük təyyarələrinə göstərilən xidmətlərdən isə 150 milyon ABŞ dolları gəlir gətirə bilər.

Bu məbləg isə Qırğızıstanın ÜDM həcmi ilə müqayisədə nəzərəçarpacaq bir rəqəmdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti